[:az]Baş redaktorun atası Prezident Administrasiyasına şikayət edəcək
13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhbus Bəhruz Əliyev 10 günlük cərimə təcridxanasına (“kars”) salınıb.
Bu barədə məhbusun atası İmamqulu Əliyev Meydan TV-yə danışıb.
İmamqulu Əliyev martın 3-də oğluyla görüşmək istəyib, amma icazə verilmədiyini bildirib:
“Oğluma gətirdiyim sovqatı da qəbul etmədilər. Səbəb seçkidə iştirak etməməsi və bizim bu barədə Qırmızı Xaç Komitəsi və Ombudsmanı məlumatlandırmağımızdır. Bizə dedilər ki, gedin Qırmızı Xaç Komitəsinə, hara şikayət etmisinizsə, ora da danışın. Yenidən “kars”a qaytardılar”,
İmamqulu Əliyev Prezident Administrasiyasına şikayət edəcəyini söyləyib.
Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıxov Bəhruz Əliyevə seçkilərlə bağlı təzyiqlərin olduğunu təkzib edib:
“Mən Bəhruz Əliyevin məsələsini araşdırmışam, cəzaçəkmə müəssisələrində məhbuslara seçki ilə bağlı hər hansı təzyiq olmayıb. Kim səs vermək istəyibsə, səs verib, kim istəməyibsə, kənarda qalıb. Əslində, Bəhruz Əliyev daxili nizamnamə qaydalarını pozduğu üçün cərimə təcridxanasına salınıb. Hətta məhbusun valideynləri müəssisə rəhbərliyi tərəfindən qəbul olunub və vəziyyət izah olunub. Bildirilib ki, oğlunuz qaydaları pozduğu üçün ona təsir göstərin. Yəni hər hansı təzyiqdən söhbət gedə bilməz”.
“Neytral İnformasiya Agentliyi”nin (NİA) baş redaktoru Bəhruz Əliyev 2018-ci ilin mayında Cinayət Məcəlləsinin 311-ci maddəsi (Rüşvət alma, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi) ilə 8.5 il azadlıqdan məhruz olunub.
Meydan TV[:]