[:az]Baş redaktorun həyat yoldaşına qarşı da cinayət təqibi var[:]

tərəfindən Gozetci

[:az]Gülmirə Aslanovanın özünün də xariciu xüsusi xidmət orqanlarıyla əlaqəsi haqda şübhələr olub

“Xeberman.com” saytının təsisçisi və baş redaktoru, dövlətə xəyanət ittihamıyla həbs olunan Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova haqqında da cinayət təqibi var. Bu, G.Aslanova həyat yoldaşının məhkəməsində dindirilərkən məlum olub.

Martın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyilə keçirilən prosesdə G.Aslanova şahid qismində dindirilib. Hakim xatırladıb ki, qanun yaxın qohumlara bir-birinin əleyhinə ifadə verməmək hüququ tanıyır. Amma şəxs özü istəyirsə, ifadə verə bilər. G.Aslanova ifadə vermək istədiyini söyləyib.

G.Aslanovanın dediyinə görə, həyat yoldaşına qarşı keçmiş MTN-in təzyiqləri hələ 2014-cü ildən başlayıb. Harada işləyibsə, MTN-in təzyiqilə onu çıxarıblar. O, konkret MTN-in Antiterror Mərkəzinin sabiq rəis müavini, 2015-ci ilin dekabrında – həbsindən iki ay sonra istintaq təcridxanasında özünü asıb intihar edən İlqar Əliyevin adını çəkib: “Polad Aslanovu bir zənglə işdən çıxartdırırdılar. Hətta ən adi kuryer işindən də”.

G.Aslanovanın sözlərinə görə, illər əvvəl həyat yoldaşı “Zühur TV” adlı internet televiziyasının üç təsisçisindən biri idi. Buna görə də P.Aslanovu MTN-ə çağırıb hədələmişdilər.

Çox kasıb yaşadıqlarını, bəzən övladına çox ucuz qiymətə istədiyi şirniyyatı belə, ala bilmədiyini söyləyən G.Aslanovanın sözlərinə görə, onların dolanışığına valideynləri yardım edib: “Bizə rayondan ərzaq gətirən avtobus sürücülərindən də bunu dəqiqləşdirmək olar”.

O bildirib ki, həyat yoldaşı ilk dəfə 2017-ci ildə pasport alaraq, Kərbəla ziyarətinə gedib.Yolda gördüklərini də videoya çəkib, həm “Facebook” səhifəsindən, həm də saytdan paylaşıb. Daha sonra zəvvarları ziyarətə aparan şirkətlərdən DTX əməkdaşlarının pul alması barədə yazılar yazıb, saytda yayımlanıb: “Bu yazılardan sonra DTX tərəfindən hədələr, əməkdaşlıq etmək təklifləri başladı. Hədələri Mirkənan Seyidov (P.Aslanovun həbsindən sonra o da hədə-qorxu ilə tələb etmədə təqsirli bilinərək, 5 il azadlıqdan məhrum edilib) çatdırırdı. 2018-ci ilin fevralında Poladı İranda tədbirə dəvət elədilər. “Yeni Müsavat” qəzetinin əməkdaşı Kənan Rövşənoğlunu da dəvət eləmişdilər. Onların hər birinə 100 manat yolpulu vermişdilər. Jurnalist olaraq, bu səfər haqda yazı da yazmışdılar. Qayıdandan sonra onu hərbi komissarlığa çağırdılar. Halbuki, onun ürəyindəki problemlər, çəkisi hərbi xidmətə getməyə imkan vermirdi. Ona görə Polada sülh dövründə yararsız olması barədə hərbi bilet vermişdilər. Amma üərk xəstəsi ola-ola onu apreldə götürüb Naxşıvana hərbi xidmətə apardılar. Xidmətin yarısını bu adam tibb məntəqəsində oldu”.

G.Aslanovanın sözlərinə görə, hərbi xidmətdən qayıdandan sonra DTX-nın müstəntiqi Cavid Quluzadə həyat yoldaşına müxtəlif telefonlardan zəng eləyib. Onu gah hədələyib, gah da əməkdaşlıq təklif edib.

2019-cu il iyunun 12-də Biləsuvar sərhəd-buraxılış məntəqəsində saxlanmalarından danışan G.Aslanova bildirib ki, Naxçıvana toya gedirdilər. Səhər tezdən evdən çıxıblar, öncədən qərar veriblər ki, İrandan keçərkən P.Aslanovun səhhətindəki problemlərlə əlaqədar onu da orada tibbi müayinədən keçirsinlər. Onları sərhəddə saxlayıb Bakıya – DTX-nın binasına gətiriblər. Daha sonra P.Aslanovu saxlayıb, onu və azyaşlı qızını da götürüb, evlərinə axtarış aparmağa gəliblər. G.Aslanova iddia edir ki, o, evdə axtarış aparılması haqda məhkəmə qərarı tələb edib, hələ Biləsuvardan gətirilərkən vəkillə əlaqə saxlamaq üçün şərait yaradılmasını istəyib. Lakin onların telefonları əllərindən alınıb, belə şərait yaradılmayıb.

G.Aslanova bildirib ki, əvvəlcə həyat yoldaşının hədə-qorxu ilə tələb etməyə görə saxlandığını zənn edib. Çünki ona uzaqdan göstərilən məhkəmə qərarında buna bənzər nəsə oxuyub: “Həm bizim yaşadığımız evdə axtarış apardılar, həm də Polad Aslanovun anasının yaşadığı ünvanda. Kompüteri, telefonları, kameranı, sənədləri – hər şeyi götürdülər. Bizim evdə axtarış aparanda əvvəlcə etiraz elədim, dedim ki, siz axtarışı aparın, mən də kameraya çəkim. Mənə dedilər ki, o görüntüləri montaj eləmək bizim üçün iki dəqiqəlik işdir”.

G.Aslanova axtarışdan sonra yenidən qızı və bu dəfə həm də qayınanasıyla birlikdə DTX-ya gətirildiyini, orada uzun müddət ac-susuz, təzyiq altında saxlandığını, ona tüstü verildiyini iddia edib. Bildirib ki, həmin gün DTX-da ifadəyə də belə bir şəriatdə imza atıb.

Hakim bildirib ki, G.Aslanovanın yaşadığı evdə axtarış aparılması üçün P.Aslanovdan əlavə, onun özünün də haqqında məhkəmə qərarı olub. Çünki G.Aslanovanın özünün də xariciu xüsusi xidmət orqanlarıyla əlaqəsi haqda şübhələr olub. Hakim əlavə edib ki, G.Aslanova ilə bağlı araşdırma aparılması üçün P.Aslanovun işindən başqa bir cinayət işi ayrılıb.

Məhkəmə prosesi martın 12-də davam edəcək.

P.Aslanov 2019-cu il iyunun 12-də həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə – İranın xüsusi xidmət orqanlarına casusluq edib, dövlət sirri sayılan məlumatları ötürməkdə ittiham olunur. İstintaqın sonunda P.Aslanova Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsilə də əlavə ittiham verilib. İddia olunur ki, P.Aslanov D.Babayevi ölümlə hədələyib.

P.Aslanov ittihamların heç birini qəbul etmir. Baş redaktor DTX əməkdaşlarının zəvvarları ziyarətə aparan şirkətlərdən rüşvət alması barədə yazılarına görə sifarişlə cəzalandırıldığını deyir.

Meydan TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az