[:az]Dövlətə xəyanətdə ittiham olunan xeberman.com saytının redaktoru Polad Aslanov “məhkəmədə hüquqlarının pozulması ilə əlaqədar” ombudsman Səbinə Əliyevaya və Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova müraciət edib.
Həyat yoldaşı Gülmira ASlanovanın verdiyi məlumata görə, Polad məhkəmənin açıq keçirilməsini tələb edir.
“Qapalı məhkəmə prosesi keçirərək mənə qarşı irəli sürülən ittihamın absurd olduğunu gizlətməyə çalışırlar. Fevralın 10-da keçirilən iclasda dövlət sirri ilə bağlı heç bir məlumata toxunulmayıb, amma vəkillərimlə mənim israrlarıma baxmayaraq, proses qapalı rejimdə keçirildi”, deyə müraciətdə bildirilir.
Bundan başqa, prosesə sədrlik edən hakim Faiq Qəniyev qərəzlidir, belə ki, uzun müddət Milli Təhlükəsizlik Nazirliyində işləyib.
Aslanov iddia edir ki, həbsinin əsl səbəbi güc qurumlarında korrupsiya haqqında nəşrləridir. Aslanov müdafiə hüququnu təmin etməyə, açıq proses keçirməyə və məhkəmədə mikrofonla danışmasına icazə verməyə çağırır. O, həmçinin dövlətə xəyanət ittihamlarını təkzib edir.
* Polad Aslanov iyunun 12-də saxlanılıb və CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə 4 ay müddətinə həbs edilib. İstintaqı Dövlət Təhlükəsizlik Xidməti aparır. Oktyabrın 5-də həbs müddəti 4 ay uzadılıb.
Dekabrda ona qarşı CM-in 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə daha bir ittiham irəli sürülüb. Amma fevralın 10-da bu maddə ilə zərərçəkmiş kimi qəbul edilmiş Dəyanət Babayev şikayətindən imtina edib.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Aslanovun cinayət təqibini pisləyiblər.
Turan[:]