[:az]«Biləcəridə kirayə qalırdım. Vəziyyətim çox ağır idi, həm kirayə pulu ödəyirdim, həm də aliment. İmkanım yox idi, ona görə də razılaşdım. 9 min manata danışdıq. Bundan sonra gəlib Respublika Xəstəxanasında qan verdim…», – Rüstəm Yumaqujin böyrəyini satmasından danışır. O, məhkəmədə bu barədə ifadə verib.
Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda böyrək alveriylə bağlı cinayət işi araşdırılır. Bu işdə böyrəyini satmış 27 nəfər zərərçəkən var, onların biri də R.Yumaqujindir. Böyrək alverinə görə təqsirləndirilən şəxs kimi məhkəmə qarşısına çıxarılan isə taksi sürücüsü Vahib Xudadatovdur. Ona CM-in 137 (insan orqanları və ya toxumalarının alqı-satqısı, onların transplantasiya məqsədilə götürülməsinə məcbur etmə), 144-1 (insan alveri), 178 (dələduzluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələrinin müxtəlif bəndləri ilə ittihamlar verilib.
Azərbaycanda «İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında» Qanunun 17-ci maddəsi insan orqanlarının alqı-satqı obyekti olmasını qadağan edir.
Aprelin 4-də məhkəmədə bu cinayət işi üzrə ittihamın mahiyyəti elan edilib. 62 yaşlı V.Xudadatovun böyrək çatışmazlığından əziyyət çəkib orqan köçürməsinə ehtiyacı olan şəxslərlə imkansızlıqdan böyrəyini satanlar arasında vasitəçilik etdiyi bildirilir. İttihama görə, bunun əvəzində hər iki tərəfdən də pul alıb. Böyrəyini satanlar saytlarda, sosial şəbəkələrdəki elanlar, ortaq tanışlar vasitəsilə tapılır, xəstəlikdən əziyyət çəkənlərin özləri, yaxınlarıyla görüşdürülür və qiymət məsələsi razılaşdırılırmış. Öncə Bakıda müxtəlif tibb müəssisələrində qan analizi verilir, sonra hər iki tərəf İrana həkim Mohsen Tahirinin yanına aparılır, orada ətraflı müayinədən keçirilib, transplantasiya qərarı veriləndən sonra böyrək köçürmə əməliyyatı Gürcüstanda «Lancet» (ittihamnamədə klinikanın adı «Lanseti» göstərilib) klinikasında aparılırmış.
İttihamnamədə deyilir ki, əməliyyatı Tbilisidə M.Tahiri gedib özü həyata keçirirmiş. 2016-cı ilin martından sonra Tbilisidə «Lanseti»nin azərbaycanlı rəhbəri Fərman Ceyranlının həbsi ilə əlaqədar klinikanın fəaliyyəti dayandırıldığından ondan sonra əməliyyatlar Tacikistanda Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin «İnsan orqanları və toxumaları transplantasiyası Milli Mərkəzi»ndə aparılıb. Orada da əməliyyatları M.Tahiri həyata keçirib. M.Tahirinin tez-tez Bakıya gələrək buradakı klinikalardan birində də xəstələri müayinə etdiyi bildirilir.
Klinikaya və həkimə ayrıca ödənilirmiş
Məsələnin maddi tərəflərinə gəlincə, hər əməliyyata orqan köçürülən xəstənin yaxınları böyrəyini satan donora onunla razılaşdırılmış məbləğlə yanaşı, əməliyyat həyata keçirilən klinikaya 8 min, iranlı həkimə 10 min dollar pul ödəyirmiş. Vasitəçilik edən V.Xudadatova isə 200 manatdan 2 min manata qədər pul verilirmiş.
Böyrəyini satanlarla onu alanlar arasında Bakıda notarial qaydada müqavilə imzalanıb. Orada göstərilib ki, guya bu adamlar qohumdurlar və biri digərinə böyrəyini verir.
«Prezident də televizorda demişdi ki, kim istəsə, böyrəyini verə bilər», – V.Xudadatov məhkəmədə deyib ki, özünü təqsirli bilmir: «Mənin günahım yoxdur. Mən onları həkimlə tanış eləmişəm, taksi sürücüsü kimi, onları İrana, Gürcüstana aparıb-gətirmişəm. Buna görə mənə pul veriblər. Hər şeyin şahidi-sübutu var. Heç kim heç nəyə məcbur edilməyib. Adamlar özləri öz aralarında razılaşıblar, mənlik bir şey olmayıb. Könüllü şəkildə satıblar, pullarını da alıblar».
Onun sözlərinə görə, bəzən donorlar prosesin gedişində razılaşmanın şərtlərini pozur, əlavə tələblər irəli sürürdü: «Bəhram Məmmədov əməliyyata girməmişdən əvvəl 13 min manat Bakıda sayılıb qardaşına verilmişdi. Özü əməliyyatdan əvvəl deyib ki, «mənə iPhone almasanız, girməyəcəm». Sonra təzə pal-paltar istəyib. Yaxud Sarvan iki il gedib-gəlib məndən pul tələb edirdi. 10 minə danışılmışdı, 20 minə qədər pul aldı».
V.Xudadatovun bu işlərə necə başlamasına gəlincə, onun qızı Gülər 2007-ci ildən böyrək çatışmazlığından əziyyət çəkib. O, 2015-ci ildə qızı və həyat yoldaşı ilə yerli telekanalların birinə çıxaraq, donor tapılmasını və övladının müalicəsinə maddi yardım istəyib. Müxtəlif adamların köməyi ilə 24 min pul toplanıb. V.Xudadatovun sözlərinə görə, Beyləqandan olan Elman Ağayev onun mobil telefonuna zəng edərək, 10 min manata böyrəyini qızına verə biləcəyini deyib. Razılaşıb birlikdə İrana həkim M.Tahirinin işlədiyi xəstəxanana gediblər. Tahiri hər iki tərəfi müayinə edəndən sonra əməliyyatın mümkün olduğunu deyib. Amma İranda xarici ölkə vətəndaşlarının orqanlarının köçürülməsinə icazə verilmədiyindən bu işi 10 min dollara Gürcüstanda edə biləcəyini deyib. Çünki orada belə əməliyyatlara qadağa yoxdur.
İranlı həkimin özünün zəng etdiyini deyir
V.Xudadatov deyir ki, Gürcüstanda uyğun klinika tapmasını istəyiblər. O, Tbilisidə Fərman adlı azərbaycanlının rəhbərlik etdiyi klinika olduğunu öyrənib, orada orqan köçürməsinə icazə verildiyini dəqiqləşdirib. Onun sözlərinə görə, F.Ceyranlı rəhbərlik etdiyi müəssisədə bu əməliyyatın həyata keçirilməsi üçün 8 min dollar pul istəyib. O da razılaşıb və 2015-ci ilin fevralında iranlı həkim «Lanseti»yə gəlib E.Ağayevin böyrəyini onun qızına köçürüb.
Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan bir müddət sonra M.Tahiri ona zəng edərək, Yaşar adlı şəxsin koordinatlarını verib, onu və ona böyrəyini verəcək şəxsləri İrana gətirməyi xahiş edib. Eyni qaydada Yaşara da Gürcüstanda böyrək köçürülüb. Yol və digər xərclər qarşılanmaqla yanaşı, onun özünə də 250 manat pul verilib. Bundan sonra intensiv şəkildə bu işlə məşğul olmağa başlayıb.
Böyrəyini satanlardan ikisi – Rüstəm Yumaqujin və Ramil Həmidov da məhkəmədə dindirilib. İttihamda yazılıb ki, V.Xudadatov donorların bir neçəsinə əvvəlcədən razılaşdırılmış pulun hamısını verməyib. Amma onlar pulu tam aldıqlarını, şikayət və tələblərinin olmadığını söyləyiblər. Zərərçəkən R.Yumaqujini narazı salan məsələ odur ki, böyrəyini satandan sonra V.Xudadatov ona əlillik dərəcəsi ilə təqaüd almasına kömək edəcəyini vəd edib, yerinə yetirməyib. O da məlum olub ki, təqsirləndirilən şəxsin adı Vahib olsa da, vasitəçilik etdiyi adamlara özünü Sahib kimi təqdim edib.
Zərərçəkənlərin hər ikisi böyrəyini imkansızlıqdan satdığını deyib. R.Yumaqujin bu işə necə qoşulduğunu danışıb: ««Birja» qəzetində körpə uşağa qan lazım olduğunu oxuyub, o nömrəyə zəng elədim. Biləcəridə görüşəndə Sahib özünü uşağın dayısı kimi təqdim elədi, dedi ki, sabah uşağın atasıyla görüşdürəcək. Ertəsi gün görüşdük, mən yoldaşımla getmişdim. Orada bir nəfər də vardı, Əli. Sahib dedi ki, uşağa donor tapılıb, bu adamın qızına böyrək lazımdır, satmağa razıyam?».
«Pulu 3 dəfəyə qaytardı»
Zərərçəkənin sözlərinə görə, o, maddi durumunun ağırlığına görə böyrəyini 9 min manata satmağa razılaşıb. Onun ölkədən çıxmaq üçün pasportu, hərbi bileti olmayıb. Bunları da qısa müddətdə həll ediblər. O, böyrəyini verdiyi Hasilə adlı qızın atasından 3 min bir, 6 min də bir olmaqla, ümumilikdə 9 min pul alıb, onun 1100 manatını Sahibə verib: «Evdə bütün bunları biləndə qayınatam ona zəng eləyib pulu istədi. Dedi ki, yoxsa şikayət eləyəcəyik. Üç dəfəyə Sahib pulu qaytardı».
Təqsirləndirilən V.Xudadatov isə deyir ki, zərərçəkən yalan danışır, özü Facebook-da böyrəyini satması barədə elan vermişdi, onu oradan tapıb.
«İki övladım var. İmkansızlıqdan, öz istəyimlə satmışam. Gəlmişəm, Bakıda Tibb Universitetinin klinikasında qan analizi vermişəm. Sonra gedib əməliyyat olunmuşam. Məni şantaj edən olmayıb. Mənə 11 min manat da pul verilib», – bunu isə Göyçay sakini olan zərərçəkmiş R.Həmidov deyib.
Məhkəmə aprelin 12-də davam edəcək.
Bu böyrək köçürmələri ilə əlaqədar F.Ceyranlı və M.Tahiri haqqında da cinayət işi ayrılıb.
«Lancet» klinikasının həmtəsisçisi F.Ceyranlı hazırda Gürcüstanda həbsdədir. Dekabrın 20-də onun 6 illik həbs cəzası 2 il 3 ayadək azaldılıb. Məhkəmə Gürcüstan Cinayət Məcəlləsinin 180 və 247-ci maddələri (dələduzluq, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətmək) ilə irəli sürülən ittihamları daha yüngül əməlləri nəzərdə tutan maddələrlə dəyişib. F.Ceyranlı isə bildirib ki, o, Azərbaycandan verilən sifarişlə, haqsız yerə həbs edilib. O, bunu Azərbaycan müxalifəti ilə yaxın olması ilə izah edib. Cərrahın bu açıqlamasına nə Azərbaycan, nə də Gürcüstanın hüquq-mühafizə orqanlarından münasibət bildirilib.
Azadlıq Radiosu[:]