[:az]Aprelin 16-da Kiyevin Piçerski rayon Məhkəməsi yenidən Niderland vətəndaşı olan azərbaycanlı jurnalist Fikrət Hüseynlinin işinə baxacaq. Bu barədə Fikrət Hüseynli özü “Amerikanın Səsi”nə bildirib.
“Məhkəmə ekstradisiyamla bağlı Kiyev Vilayət Prokurorluğunda sənədlərin yoxlanılmasının dayandırılması, mənim pasportumun qaytarılması barədə qərar qəbul edilib. Lakin prokurorluq məhkəmənin qərarını tanımır, pasportumu qaytarmır. Bu səbəbdən də nəyin bahasına olursa-olsun səndələrimin yoxlanılmasını davam etdirmək və Kiyevdə qalmağımı uzatlmaq üçün cəhd edir. Məhkəmənin qərarından apellyasiya şikayəti verilə bilməz və sənədlərim qaytarılmalıdır, mən Ukrayna ərazisini tərk etməliyəm. Prokurorluq hər vəchlə bunun qarşısını almaq istəyir”, deyə jurnalist “Amerikanın Səsi”nə bildirib.
Aprelin 2-də Kiyevin Piçerski rayon Məhkəməsi jurnalist Fikrət Hüseynlinin ektradisiyası ilə bağlı Kiyev Vilayət Prokurorluğunun yoxlamasının dayandırılması və jurnalistin pasportunun qaytarılması barədə qərar qəbul edib. Məhkəmə Hüseynlinin Ukraynanı tərk etməsinə icazə verib.
Fikrət Hüseynli 2017-ci il oktyabrın 14-də Kiyevdən Düsseldorfa uçarkən Azərbaycanın İnterpol xətti ilə sorğusu əsasında saxlanılıb. Azərbaycanda o, dələduzluq və sərhədi qanunsuz keçməkdə ittiham olunur.
Oktyabrın 18-də Ukraynanın Borispol Şəhər Məhkəməsi onu Azərbaycana ekstradisiyası məsələsinə baxmaq üçün 18 gün müddətinə həbs edib.
Oktyabrın 27-də Kiyevin Lukyanovski Məhkəməsi Ukrayna Ali Radasının deputatı Mikola Knyajitskinin və ictimai xadim Boris Zaxarovun zaminliyi ilə Fikrət Hüseynlini azad edib. Eyni zamanda, məhkəmə dövlət ittihamçısının Fikrət Hüseynlinin Azərbaycana ekstradisiyası haqqında vəsatətini təmin etməyib.
Kiyev Vilayət Prokurorluğu Fikrət Hüseynlinin azad edilməsindən apellyasiya şikayəti verib və onun həbs edilməsini tələb edib.
Protest üzrə məhkəmə yanvarın 17-də başlayıb, ancaq 4 dəfə təxirə salınıb. Nəhayət, fevralın 13-də məhkəmə ekstradisiyadan imtina edib.
Bununla yanaşı, 2018-ci il yanvarın 12-də Azərbaycanın baş prokuroru Zakir Qaralov Ukrayna baş prokuroru Yuri Lutsenkoya jurnalist Fikrət Hüseynlinin ekstradisiyasının ləngidilməsindən narahatlığını bildirən məktub göndərib.
Məktuba qoşmada Fikrət Hüseynli və Saakaşvilinin birgə ağ-qara şəkli əlavə edilib.
Martın 5-də axşam saatlarında Kiyev şəhərində jurnalist Fikrət Hüseynlinin yaşadığı evə basqın olub. Lakin jurnalist qaça bilib.
Prokurorluğun müraciəti əsasında məhkəmə ekstradisiya ilə bağlı jurnalistin sənədlərinin yoxlanılması üçün prokurorluğa dəfələrlə vaxt verib. Nəhayət, son məhkəmə iclası aprelin 2-də olub və prokurorluğun ekstradisiya üçün sənədlərin yoxlanılmasına son verilməsi qərarını qəbul edib.
Çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən Ukrayna hüquq müdafiə təşkilatları Fikrət Hüseynliyə qarşı təqiblərin dayandırılması və dərhal vətəndaşı olduğu Niderlanda yola salınması xahişi ilə Ukrayna hökumətinə müraciət edib.
Fikrət Hüseynli yaxın zamanda Kiyev Vilayət Prokurorluğunda ona qarşı olan qanunsuzluqlar, qanunsuz saxlanılması müddətində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı məhkəməyə mürtaciət edəcəyini bildirib.[:]