Kürdəmir rayon, Sor-Sor kənd sakini Rəhim Məmmədov “Gözətçi”yə göndərdiyi şikayət məktubunda bildirib ki, son üç ayda əlillik pensiyası dayandırılıb.
Rəhim Məmmədov Birinici Qarabağ müharibəsində iştirak edib, hərbi rütbəsi leytenant olub. Müharibə zamanı belindən və qarnından qəlpə, ayağından güllə yarası alıb. O, üçüncü dərəcəli Qarabağ əlilidir, buna görə 453 manat əlillik pensiyası, 300 manat isə prezident təqaüdü alır.
Şikayətçinin sözlərinə görə, 25.01.2021-ci ildə tibbi müayinə keçsə də, hələ də sənədləri araşdırılır:
“Tibbi müayinədən sonra Əlillik Altsisteminə forma 88 verdik, orada yazılıb ki, məsələ araşdırılır. Üç aydır araşdırılır, ancaq hələ də nəticəsi yoxdur. Martın 30-da ƏƏSMN-də oldum, məni Z. Əliyeva adına Qarabağ Əlilləri Həkim Komissiyasına göndərdilər. Həmin mərkəzdə də şəxsiyyət vəsiqəsi ilə sənədlər yoxlanıldı, bildirildi ki, araşdırılır”.