Avropa İttifaqı Azərbaycan hakimiyyətini təcili tədbirlər görməyə çağırdı

tərəfindən Gozetci
Avropa İttifaqı (Aİ) “Abzas Media işi” çərçivəsində təqsirləndirilən 7 jurnalistə çıxarılan uzunmüddətli həbs qərarlarına münasibət bildirib.

Aİ-nin Xarici Fəaliyyət Xidməti (EEAS) bununla bağlı iyunun 23-də bəyanat yayıb.

Bəyanatda jurnalistlərə qarşı çıxarılan ağır hökmlər “narahatedici gedişat” adlandırılır.

“Müstəqil jurnalistika şəffaflığın, hesabatlılığın və məlumatlı ictimai müzakirənin qorunmasında mühüm rol oynayır”, – bəyanatda deyilir.

Avropa İttifaqı Azərbaycanı insan hüquqlarına və əsas azadlıqlara hörmət etməyə, beynəlxalq öhdəliklərinə əməl etməyə və ölkədə bütün jurnalistlər üçün təhlükəsiz və əlverişli mühit yaratmaq üçün təcili tədbirlər görməyə çağırıb.

Aİ həmçinin insan hüquqları üzrə Azərbaycanla dialoq və əməkdaşlığı davam etdirməkdə qərarlı olduğunu bildirib.

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə hər biri 9 il, layihə koordinatoru Məhəmməd Kekalov 7 il yarım, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Jurnalistlər irəli sürülən ittihamları rədd edir, həbslərinin apardıqları korrupsiya araşdırmalarına görə siyasi sifariş olduğunu bildirirlər.

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az