Taleh Bağırzadə karserə salınıb

tərəfindən Gozetci

Taleh Bağırzadə

 

Müsəlman Birliyi Hərəkatının (MBH) həbsdə olan sədri Taleh Bağırzadə cərimə kamerasına (karser) salınıb.

Bu barədə hərəkatdan məlumat verilib.

Məlumatda deyilir ki, Bağırzadə iyunun 19-da daxili qaydalara riayət etməmək ittihamı ilə 3 günlük, iyunun 22-də növbəti dəfə 5 günlük karserə salınıb. MBH bildirir ki, buna səbəb onun dağılmaqda olan cəzaçəkmə müəssisəsi binasında saxlanılmasına etiraz etməsidir.

“Mənə bildirdilər ki, sən iki yoldan birini seçməlisən. Ya bu dağıntılar altında qalmalı, ya da ciddi-qapalı rejimli müəssisəyə köçürülərək buranı tərk edə bilərsən. Mən hər iki qərara etiraz edərək səhər və axşam məhbusların sayımına çıxmadığım üçün karser cəzası almışam”, – Bağırzadə deyib.

MBH-in bildirdiyinə görə, karserdən çıxarıldıqdan sonra Bağırzadə məhkəmə önünə çıxarılacaq.

“Yəqin ki, Umbakı qəsəbəsindəki ciddi-qapalı rejimli müəssisəyə köçürülməsi həyata keçiriləcək.
O, məsələ ilə bağlı rəhbərliyə etirazını bildirsə də, ona aydın söylənilib ki, ciddi-qapalı rejimi və ya burada qalıb ölümünü seçmək öz əlindədir, başqa seçim şansı yoxdur. Rəsmi dairələr Taleh Bağırzadənin digər həbsxanalara köçürülməsinə qəti qadağa qoyublar”, – bəyanatda deyilir.

İyunun 1-də Bağırzadə və başqa MBH üzvlərinin saxlanıldığı 12 saylı Cəzaçəkmə Müəssisəsində binalardan birinin dam örtüyü uçub və nəticədə məhbuslardan biri yaralanıb. O, növbəti gün xəstəxanada vəfat edib.

Daha sonra MBH iyunun 13-də təxminən gecə saat 03.00 radələrində 12 saylı Cəzaçəkmə Müəssisəsinin daha öncə dam örtüyü uçmuş binasının başqa bir hissəsində çökmə baş verdiyi ilə bağlı xəbər yayıb.

Qeyd olunur ki, məhbusların bəziləri digər həbsxanalara köçürülür, Bağırzadə də daxil olmaqla bəzi məhbuslar isə hələ də çökməkdə olan binada saxlanılır.

Taleh Bağırzadə 2015-ci ilin noyabrında ikisi polis olmaqla yeddi nəfərin öldürüldüyü Nardaran hadisələri zamanı həbs edilib. O, 20 il müddətinə azadlıqdan məhrum edilib.

İlahiyyatçı polislərin öldürülməsi, terrorçuluq, qanunsuz silah-sursat saxlama və başqa ağır ittihamlarla təqsirləndirilsə də, bunların heç birini qəbul etmir, sifarişlə həbs olunduğunu bildirir.

Taleh Bağırzadənin rəhbərlik etdiyi Müsəlman Birliyinin 70-dən çox üzvü həbsdədir. Onların heç biri ittihamları qəbul etmir, siyasi sifarişlə həbs olunduqlarını deyirlər.

Toplum TV 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az