Elvin Mustafayev
“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Elvin Mustafayevin cəza rejiminin ağırlaşdırılmasından ötrü məhkəməyə təqdimat verilib. Hazırda 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan gənc fəalın həbsxana rejiminə köçürülməsi və cəzasının sonuna – 2026-cı ilin avqustunadək bu rejimdə saxlanması istənilib.
Həmin cəzaçəkmə müəssisəsi rəhbərliyinin təqdimatına iyunun 12-də Nizami rayon Məhkəməsində hakim Nəriman Mehdiyev baxacaq.
Təqdimatda iddia olunur ki, Elvin Mustafayev daxili intizam qaydalarını pozur, cəzaçəkmə müəssisəsində müxalifətçilik edir. Müəssisə rəhbərliyinin iddiasına görə, o, əsassız şikayətlər yazmağa çalışır, özünə və işçilərə xəsarət yetirməyə cəhd göstərir. Bu üzdən, ona töhmət də verilib.
Elvin Mustafayevin yaxınları təqdimatda yazılanların hamısını şər-böhtan sayırlar:
“Bu qədər absurd yalan olmaz, axı… Guya Elvin əməkdaşlara xəsarət yetirməyə cəhd edib. Məhbus silahlı əməkdaşa nəsə eləyə bilər? Görünür ki, azadfikirli adamların olması bunlara sərf eləmir, şər-böhtanla həbs elədikləri kimi, eyni qaydada da cəza rejimini ağırlaşdırırlar. Utanmaq hissi olmayan adamlar ora nə istəsələr, yaza bilərlər”.
Yaxınlarının bildirdiyinə görə, Elvin Mustafayev Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun aclıq aksiyasına dəstək məqsədiylə aclığa başlayandan sonra cərimə kamerasına (kars) salınıb. Mayın 6-dan onun ailə üzvləriylə telefon danışığı və görüş hüququ məhdudlaşdırılıb.
Vəkili Zibeydə Sadıqovabildirib ki, iyunun 4-də müvəkkiliylə görüşməkdən ötrü 6 saylı Cəzaçəkmə Müəssisəsinə getsə də, görüşməsinə imkan verilməyib. Bu üzdən, ailəsi ona işgəncə verilməsindən və məsələnin üstünün açılmaması üçün vəkillə görüşə buraxılmamasından şübhələnir.
Deyilənlərə Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.
AzadlıqRadiosu