Möhyəddin Orucov
Yanvarın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucovun məhkəmə prosesi baş tutub. Məhkəmədə fəalın saxlanılarkən üzərinə baxış keçirilən zaman qeydə alınan video görüntüyə baxış keçirilib.
Vəkil Nazim Musayev görüntülərin göstərilməsinə etiraz edib. Musayev görüntülərin şahid ifadələrinə təsir edəcəyini bildirib. Vəkil etirazını məhkəmədə bütün şahidlərin dindirilməməsi ilə əsaslandırıb.
İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasından Amerikanın Səsinə verilən məlumata görə, Möhyəddin Orucovun məhkəməsində həm onun özünə, həm də məhkəmədə iştirak edənlərə qarşı zorakılıq tətbiq olunub.
Konfederasiyadan bildirilib ki, vəkil bir neçə dəfə etirazını məhkəmənin diqqətinə çatdırıb, məhkəmə isə qəbul etməyib və vəkilin etirazına baxmayaraq, kamera görüntüləri açılıb:
“Möhyəddin və atası da buna etiraz etdilər, Penitensiar Xidmətin işçiləri Möhyəddinə zorakılıq göstərdilər. Möhyəddini məhkəmədə saxlanıldığı akvariumun şüşəsinə dirədilər, ağzını tutmağa çalışırdılar, əllərini qandalladılar. Məhkəmədə iştirak edənlər zorakılığa etiraz edəndə Penitensiar Xidmətin, həmçinin Ədliyyə Nazirliyinin işçiləri onları da itələyiblər”.
Məlumata görə, Konfederasiyanın İdarə Heyəti üzvü Sara Rəhimovanı yerə yıxıblar, həmçinin digər İdarə Heyəti üzvü Tural Fərzilini də itələyiblər, digər məhkəmə iştirakçılarını da zorakılıqla məhkəmə zalından uzaqlaşdırıblar.
“Hətta Möhyəddinin anası ilə atasına, qardaşına da zorakılıq göstərilib. Məhkəmə işçiləri isə məhkəmə iştirakçılarını təhqir ediblər”- deyə, Konfederasiyadan bildirilib.
Məhkəmədə yaşanan insidentdən sonra proses təxirə salınıb.
Məsələ ilə bağlı nə Penitensiar Xidmətdən, nə də Ədliyyə Nazirliyindən mövqe almaq mümkün olub.
İşçi Masasının üzvü Möhyəddin Orucov 2023-cü il dekabrın 13-də saxlanılıb.
Suraxanı Rayon Məhkəməsi Möhyəddin Orucova Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə 4 aylıq həbs qətimkan tədbiri seçib. Bundan əvvəl də ictimai fəal 2023-cü ilin oktyabrın 18-də inzibati həbs cəzası almışdı. O, Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsində işgəncəyə məruz qaldığını bildirib. Həmin dövrdə Möhyəddin Orucov Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 30 sutka müddətinə həbs cəzası alıb və 200 manat cərimə olunub.