Prokuror həmkarlar ittifaqı fəalı Afiyəddin Məmmədov üçün 10 il həbs istəyir

tərəfindən Gozetci

Afiəddin Məmmədov

 

Yanvarın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb. Prokuror onun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hakim Səbuhi Hüseynovun sədrliyilə keçirilən məhkəmə prosesində dövlət ittihamçısının çıxışından əvvəl Afiəddin Məmmədovun vəkili Zibeydə Sadıqova 16 bəndlik müxtəlif vəsatətlər qaldırıb. Lakin məhkəmə heç bir vəsatəti təmin etməyib.

Sadıqovanın sözlərinə görə, cinayət işi üzrə obyektiv, ədalətli hökm çıxarmaq üçün məhkəmə təqdim olunan vəsatətləri təmin etməli, həqiqətləri ortaya çıxarmalıdır.

Vəsatətlərdən biri Afiəddin Məmmədovun 2023-cü il sentyabrın 20-də saxlanılan zaman Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinə aparılandan sonra orada baş verənləri üzə çıxarılmasıdır.

Vəkil bildirib ki, Məmmədov polis bölməsinə aparılandan sonra orada döyülüb, qandallı vəziyyətdə yerə uzadılıb, zorla əlinə bıçaq verilib, bu yolla da süni şəkildə bıçağın üzərində əl-barmaq izləri yaradıblar. Əgər bölmənin kamera görüntülərini məhkəmə alsa, onun dediklərinin doğru olub-olmadığını məhkəmə araşdıra bilər.

Zibeydə Sadıqova Afiəddin Məmmədovun Səfər Hüseynovu bıçaqladığı iddia edilən ərazidəki Təhlükəsiz Şəhər kameraları və yaxınlıqdakı obyektlərin kamera görüntülərinin alınması barədə də vəsatət qaldırıb. O, həmçinin, zərərçəkmiş qismində tanınan Hüseynovun üzərində əvvəllər aparılmış cərrahiyyə əməliyyatıyla bağlı xəstəlik tarixçəsi məhkəməyə təqdim edilməsini istəyib.

Müdafiəçi bildirib ki, başqa işlərdə istintaq öz təşəbbüsü ilə dərhal belə görüntülərdən sübut kimi istifadə edir:

“Lakin bu işdə müdafiə tərəfinin vəsatətlərinə baxmayaraq, görüntüləri təqdim etməyiblər. Ona görə də məhkəmədən xahiş edirəm ki, hakimlər həmin görüntüləri alsınlar, obyektiv araşdırma aparsınlar. Görsünlər ki, həqiqətən, Afiəddin Məmmədov Səfər Hüseynovu bıçaqlayıb, yoxsa yox”.

Vəkil qeyd edib ki, Səfər Hüseynovun bədənində yara izi olsa da, onun başqa bir əməliyyat izi olduğunu düşünürlər.

“Bu səbəbdən onun xəstəlik tarixçəsinin də araşdırılsın”, deyə, Sadıqova əlavə edib.

Afiəddin Məmmədov hakimlərin müşavirədən sonra heç bir vəsatətin təmin olunmaması barədə elanına etiraz edib:

“Siz burada obyektiv məhkəmədən danışırsınız, amma sizdə obyektivliyin “o” hərfi də yoxdur. Belə məhkəmə olmur. Heç yazını üzündən oxuya bilmirsiniz, amma sifarişlə iş görürüsünüz”, – Məmmədov hakimlərin qərarına etirazını belə ifadə edib.

Məhkəmə prosesi yanvarın 14-də davam edəcək.

İşçi Masasının sədri Afiəddin Məmmədov 2023-cü ilin sentyabrın 20-də həbs olunub. O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə ittiham olunurdusa, indi Məmməddov Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham olunur. İttihamlar sübut olunarsa Məmmədovu 6 ildən 11 ilədək həbs gözləyir.

İşçi Masasının İdarə Heyəti üzvü Ayxan İsrafilov isə ötən ilin avqust ayında həbs olunub. Avqustun 12-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilıb.

Ayxan İsrafilov Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma – külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur. 2024-cü ilin aprel ayında məhkəmənin qərarı ilə Ayxan İsrafilov 3 il müddətinə azadlıqdan məhrum edilib.

2024-cü ilin yanvar ayında İşçi Masasının digər üzvü Elvin Mustafayev Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

2023-cü ilin avqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası və Kuryer Birliyi Həmkarlar İttifaqı yeni qüvvəyə minmiş qanunla bağlı bəyanat yayıb. Elə həmin gün bir qrup moped sürən kuryer polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz olaraq aksiya keçirib. Elvin Mustafayev aksiyanın təşkilatçılarından biri olub.

İşçi Masasının digər üzvü Möhyəddin Orucov 2023-cü il dekabrın 13-də saxlanılıb.

Suraxanı Rayon Məhkəməsi Möhyəddin Orucova Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə 4 aylıq həbs qətimkan tədbiri seçib. Bundan əvvəl də ictimai fəal 2023-cü ilin oktyabrın 18-də inzibati həbs cəzası almışdı. O, Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsində işgəncəyə məruz qaldığını bildirib. Həmin dövrdə Möhyəddin Orucov Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 30 sutka müddətinə həbs cəzası alıb və 200 manat cərimə olunub.

Fəallar ittihamları qəbul etmir və həbslərini siyasi fəaliyyətləri ilə əlaqələndirirlər.

Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edirlər.

Amerikanın Səsi 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az