Anar Məmmədli məhkəmədə: “Həbsim siyasi sifarişdir və ictimai-siyasi fəaliyyətimlə bağlıdır”

tərəfindən Gozetci

Anar Məmmədli

Noyarın 20-də Xətai rayon məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin direktoru Anar  Məmmədlinin həbsinin ikinci dəfə uzadılması ilə bağlı məhkəmə baxışı keçirilib.

Məhkəmədə Anar Məmmədli bildirib ki, onun barəsində olan cinayət işi ictimai siyasi mövqeyi ilə bağlıdır və Azərbaycan hakimiyyətinin siyasi sifarişidir.

Məmmədli bildirib ki, o, 2021-2023-cü illərdə xarici ölkələrə səfərlər edib və bu zaman gömrük bəyannamələri verib və həmin bəyannamələr qanuni şəkildə olub. Bu zaman onun üzərində qanunsuz pul və digər əşyalar aşkar edilməyib. Məmmədli ittiham olunduğu cinayətləri qəti şəkildə rədd edərək bildirib ki, onun həbsi COP29 ərəfəsində ölkənin quru sərhədlərinin açılmasını və siyasi məhusların azad edilməsini tələb etməsi ilə bağlıdır.

Ərizəçinin vəkilləri də məhkəmədə çıxış edərək həbs qətimkan tədbirinin seçilməsinin və onun artıq ikinci dəfə uzadılmasının heç bir əsaslı səbəb və sübutlara söykənmədiyini və hüquq mühafizə orqanlarının vəsatət və təqdimatının qanunsuz olduğunu bildiriblər.

Ərizəçinin vəkilləri həbs qətimkan tədbirinin uzadılması barədə qərardan apellyasiya şikayəti veriblər.

Vəkillər şikayətdə həbs qətimkan tədbirinin uzadılması barədə qərarın daxili qanunvericiliyin və Avropa İnsan Hüquqları Konvensiyasının tələblərinin çoxsaylı pozuntuları ilə qəbul edildiyini ətraflı şəkildə məhkəməyə təqdim ediblər. Şikayətdə Azərbaycan qanunvericiliyinin və AİHM presedent hüququnun müvafiq standartlarının, həmçinin məhkəmənin qərarı Cinayət Prosessual Məcəlləsinin həbs qətimkan tədbirinin seçilməsi məsələlərini tənzimləyən 157.1 və 157.5-ci maddələrinin kobud şəkildə pozulduğu, həbs qətimkan tədbirinin seçilməsi əsaslarının olmadığı göstərilib.

Çoxsaylı qanun pozuntuları ilə bərabər şikayətdə qeyd edilir ki, məhkəmə işə “təqsirləndirilirsə, şəxsi həbs etmək lazımdır” baxış bucağından yox, azadlıq hüquqi prizmasından yanaşmalıdır. Eyni zamanda, hakimin həbs barədə qərarı təqsirlilik barədə məsələni əvvəlcədən həll etməməli və təqsirsizlik prezumpsiyası hüququna xələl gətirməməlidir. Vəkillər bildiriblər ki, Anar Məmmədli həbs edilərkən məhkəmə qərarının ilkin əsasının hələ də Məmmədlinin törətməkdə təqsirləndirdiyi cinayətin ağırlıq dərəcəsi ilə əlaqələndirildiyi və bu halın Məmmədlinin təqsirsizlik prezumpsiyasının pozulmasıdır.

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az