ABŞ-ın nüfuzlu senatoru Ben Kardin bazar ertəsi COP29-a sədrlik edən Azərbaycanı bu ilin noyabrında Bakıda keçiriləcək iqlim sammiti ərəfəsində həbsdə olan ondan çox jurnalist və fəalı azad etməyə çağırıb, Turanın Vaşinqtondakı müxbiri xəbər verir.
“COP29 kimi böyük beynəlxalq konfransa ev sahibliyi etmək məsuliyyətdir. Gözlənti ondadırki , ev sahibi olan ölkələr problemlərin səmimi müzakirəsinə imkan verəcək, amma bu söz və sərbəst toplaşma azadlığını tanımadan mümkün deyil. Azərbaycan isə bunu etməyib”, – Bu ABŞ Senatın İnsan Hüquqları Komitəsinin sədri Ben Kardinin bəyanatında deyilir.
Kardin öz çagırışında azadlığa buraxılmasını istədiyi insanlar arasında ekoloq və keçmiş deputat Nazim Bəydəmirli, antikorrupsiya fəalı Qubad İbadoğlu, demokratiya fəalı Bəxtiyar Hacıyev, hüquq müdafiəçisi İlhamiz Quliyev, müstəqil seçki müşahidəçisi Anar Məmmədli, redaktorlar və jurnalistlər: Ülvi Həsənli , Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Hafiz Babalı, Elnarə Qasımova, Əziz Orucov, fəal Tofiq Yaqulblu, hüquqşunas Ələsgər Məmmədli, iqtisadçı ekspert Fərid Mehrəlizadə.
“Əgər Azərbaycan Avro-Atlantik icması ilə möhkəm əlaqələr qurmağa çalışırsa, mən Prezident İlham Əliyevi onun hökuməti tərəfindən haqsız yerə həbs edilənləri, o cümlədən erməni məhbusları, pis əmək praktikasına və Çovdar qızıl mədəninin ətraf mühitin zərərli təsirinə qarşı dinc şəkildə etiraz edənləri və ictimai fəalları azad etməyə çağırıram”, – Kardin qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan “beynəlxalq birliyin mühüm üzvü və ABŞ-ın tərəfdaşı olmaq potensialına malikdir”, lakin bunun üçün o, haqsız yerə həbs edilənləri azad etməlidir.
Noyabrın 11-dən 22-dək Bakıda BMT-nin İqlim Konfransı keçiriləcək.
Bazar ertəsi prezident Bayden bu ayın sonunda Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 79-cu sessiyasında ABŞ-ı təmsil etmək üçün Kardini namizəd göstərib.
Turan