Müstəqil tədqiqatçı Cavid Ağa saxlanıldıqdan sonra sərbəst buraxıldığını, ölkədən çıxışına məhdudiyyət qoyulduğunu bildirib

tərəfindən Gozetci

Cavid Ağa

Müstəqil tədqiqatçı, “Bakı Araşdırmalar İnstitutu”nun üzvü Cavid Ağa avqustun 27-də Azərbaycandan təhsil almaq üçün Litvaya gedərkən Bakı Beynəlxalq Aeroportunda saxlanıldıqdan təxminən 10 saat sonra Dövlət Təhlükəsizlik Xidmətindən sərbəst buraxılıb. Bu barədə Cavid Ağa özü məlumat verib.

Onun sözlərinə görə, o, avqustun 21-də Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs olunan sülh fəalı Bəhruz Səmədovla bağlı ifadə verib.

“Bu səhər Litvaya təhsilə getməli idim, amma alınmadı. İstintaq davam etdiyi üçün əlavə məlumat verə bilmirəm. Onu deyə bilərəm ki, mənə qarşı zorakılıq olmadı və təhlükədə deyiləm”, Cavid Ağa sosial mediada bildirib.

Cavid Ağa qeyd edib ki, onun ölkədən çıxışına məhdudiyyət qoyulub.

Bundan öncə atası Vəfa Ağayev Amerikanın Səsinə avqustun 27-də Cavid Ağanın Azərbaycandan təhsil almaq üçün Litvaya gedərkən Bakı Beynəlxalq Aeroportunda saxlanıldığını bildirib. Atasının sözlərinə görə, bu gün 06:50-də uçuşu var idi, lakin hava yollarından dostlarına verilən məlumata görə o, təyyarəyə minməyib.

“Pasport nəzarətindən keçməsi ilə bağlı bizə məlumat verməli idi, lakin biz ona zəng edəndə telefonunu məşğula atdılar və ondan sonra da ondan xəbər ala bilməmişik. Caviddən çox narahatıq” – deyə, atası bildirib.

Hüquq mühafizə orqanları jurnalistin harada olması ilə bağlı hələlik açıqlama verməyib.

Bundan öncə, avqustun 23-də sülh fəalı və yazar Səməd Şıxı Tbilisiyə gedərkən Bakı Beynəlxalq Aeroportunda Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Fəal avqustun 24-də sərbəst buraxılıb.

Xatırlatma

Avqustun 21-də isə siyasi tədqiqatçı, sülh fəalı Bəhruz Səmədov Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs olunub. Məhkəmə onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə 4 aylıq həbs qətimkan tədbiri seçib. Fəal bu ittihamları qəbul etmir və sülh mövqeyinə görə cəzalandırıldığını deyir.

Bəhruz Səmədov “OC Media” və “Bakı Araşdırmalar İnstitutu”nun müəllifidir. O, Azərbaycan hakimiyyəti ilə bağlı tənqidi yazıları və Qarabağ münaqişəsində sülhpərvər mövqeyi ilə tanınır.

Cavid Ağa müstəqil tədqiqatçı, jurnalist, həmçinin “Bakı Araşdırmalar İnstitutu”nun üzvüdür .O, müharibə dövründə sülhpərvər mövqedən çıxış edirdi.

Amerikanın Səsi

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az