Keçmiş diplomat, ictimai fəal Emin İbrahimov saxlanıb (YENİLƏNİB)

tərəfindən Gozetci

Emin İbrahimov

İyulun 24-də Nizami rayon Məhkəməsi keçmiş diplomat Emin İbrahimov barəsində 4 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar qəbul edib.

Bununla da məhkəmə istintaq orqanı olan Nizami rayon Polis İdarəsinin vəsatətini təmin edib.

Məhkəmə qərarına etiraz edən E.İbrahimov aclıq aksiyasına başladığını bildirib.

Müdafiə tərəfi məhkəmə qərarından şikayət verəcəyini qeyd edib.

+++

Keçmiş diplomat Emin İbrahimova Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağız zərər vurmaq) və 221.-cı (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.

Bu barədə vəkil Aqil Layıc bu gün, iyulun 24-də məlumat verib.

Vəkilin sözlərinə görə, Emin İbrahimov özünü təqsirli bilmir:

“Özü qeyd edir ki, onu izləyiblər və bu qeyd olunan cinayət qondarmadır, onun tənqidi mövqeyi ilə bağlıdır”.

Vəkilin açıqlamasına, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

+++

23 iyul

Keçmiş diplomat, ictimai fəal Emin İbrahimov iyulun 22-də saxlanıb. Onun yaxınlarının bildirdiyinə görə, axşam saatlarında E.İbrahimov zəng edərək Nizami polis İdarəsində olduğunu deyib:

“Dedi ki, onu saxlayıblar. Guya adam bıçaqlayıb. Amma özü bunun olmadığını və günahsız olduğunu söylədi”.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən də E.İbrahimovun saxlanması ilə bağlı məlumatı təsdiqləyiblər. Xidmətdən “Turan”a bildirilib ki, E.İbrahimov ilə bir vətəndaş arasında şəxsi zəmində mübahisə yaranıb: “Nəticədə Emin İbrahimov vətəndaşa bıçaqla xəsarət yetirib. Emin İbrahimov saxlanılıb. Bıçaq xəsarəti yetirdiyi şəxs xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır”.

Emin İbrahimov: “Quramadır”

Vəkil Aqil Layıc bildirib ki, E.İbrahimov Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə şübhəli şəxs qismində saxlanıb.

Vəkil əlavə edib ki, E.İbrahimovun sözlərinə görə, baş vermiş hadisə quramadır:

“Emin bəy deyir ki, axşam saatlarında Bakıda evindən çıxanda tanımadığı bir şəxs ona hücum edib, dərhal da mülki geyimli şəxslər yaxınlaşaraq onu polis bölməsinə aparıb. Emin İbrahimovun deməsinə görə, Nizami rayon 24-cü polis bölməsində ondan telefon parolunu tələb ediblər, imtina edəndə isə elektroşok veriblər”.

Hələlik, bu deyilənlərə DİN-dən münasibət almaq mümkün olmayıb.

E.İbrahimov Azərbaycanın Birləşmiş Ştatlardakı səfirliyində və başqa qurumlarda çalışıb.

O, ötən il, sentyabrın 20-də də saxlanmışdı. E.İbrahimov onda “ziyanlı” informasiya yaymaqda ittiham olunaraq 30 sutkalıq həbs olunmuşdu. Yaxınları isə onun həbsini Rusiya əleyhinə statuslar yazması ilə əlaqələndirmişdilər.

AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az