46
İyunun 15-də Xətai Rayon Məhkəməsinin “Toplum” internet televiziyasının həbsdə olan təsisçisi Ələsgər Məmmədlinin mülki xəstəxanada müayinə keçməsi ilə bağlı müdafiə tərəfinin vəsatətini təmin etdiyi deyilir.
Bu barədə vəkil Aqil Layıc məlumat verib.
Onun sözlərinə görə, bu zərurət Ələsgər Məmmədlinin qalxanabənzər vəzisində şişin olması ilə əlaqədardır.
Ələsgər Məmmədlinin həbs olunduğu üçün biopsiya müayinəsindən keçə bilmədiyi bildirilir. Yaxınlarının açıqlamasına görə, şiş aşkar olunan günü, martın 8-də o həbs edilib.
Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədli də Azadlıq Radiosuna bildirib ki, bayram günlərindən (Qurtuluş və Qurban bayramı ilə bağlı iyunun 17-i, 18-i və 19-u Azərbaycanda qeyri iş günləridir) sonra qardaşı seçiminə uyğun müayinə üçün mülki klinikaya qısamüddətli köçürüləcək. Daha sonra o, istintaq təcridxanasına qaytarılmalıdır:
“Növbəti addımlar müayinə nəticələrindən asılı olacaq”.
Hələlik, bütün bu deyilənləri məhkəmə və Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.
Ələsgər Məmmədli bu il martın 8-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib, barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. O, ittihamı qurama sayır.