Bir qrup ABŞ senatoru Qubad İbadoğlunun azad olunması çağırışı ilə qətnamə təqdim edib

tərəfindən Gozetci

Ötən həftə bir qrup ABŞ senatoru iqtisadçı Qubad İbadoğlunun Azərbaycan həbsxanasından dərhal azad olunması çağırışı ilə Senata yeni qətnamə təqdim edib.

Bu barədə Turan agentliyi məlumat yayıb.

Bu addım fevralın 14-də Konqresin 26 konqresmen tərəfindən dəstəklənən “İbadoğlu qətnaməsi” versiyasını yaymasından sonraya təsadüf edir.

Agentlik bildirir ki, Senatın “Qətnamə 616” adlanan versiyası martın 22-də senator Tom Tillis (Şimali Karolinadan respublikaçı) tərəfindən öz adından və Dik Durbin (İllinoysdan demokrat), Bill Kessidi (Los-Ancelesdən respublikaçı), Tim Keyn (Virciniya ştatından demokrat) və Con Fetterman (Pensilvaniya ştatından demokrat) kimi senatorların adından təqdim edilib.

Qətnamə Senatın beynəlxalq münasibətlər komitəsinə təqdim edilib, burada baxılması gözlənilir.

Senator Tillisin sözlərinə görə, hörmətli alim və iqtisadçı Qubad İbadoğluna qarşı “Azərbaycan hakimiyyəti tərəfindən yalan, heç bir dəlili olmayan çox sayda cinayət əməli ittihamı irəli sürülüb” və o, indiyədək Bakı İstintaq Təcridxanasında həddindən artıq pis şəraitdə saxlanılır və məhkəməni gözləyir.

“Doktor İbadoğlunun səhhəti həbs edildikdən sonra xeyli pisləşib və o, adekvat tibbi yardım almayıb”, senatorlar qeyd edir.

Həbs dövründə o, “vəkillə əlaqə saxlamaq və ədalətli məhkəmə təhqiqatı imkanından məhrum edilib”, müəlliflər qeyd edir.

“Dövlət Departamenti və ABŞ-ın Bakıdakı Səfirliyi, habelə ABŞ-ın akademik müəssisələri və hörmətli beynəlxalq təşkilatlar doktor İbadoğlunun səhhəti ilə bağlı dərin narahatlıqlarını bildirib və onun dərhal azad edilməsini tələb ediblər”, qətnamə layihəsində bildirilir.

Müəlliflər vurğulayır ki, insan hüquqları, jurnalistika ilə məşğul olan və fikri dinc şəkildə ifadə edən şəxslərin, o cümlədən Bəxtiyar Hacıyev, Əvəz Zeynallı və digərlərinin qanunsuz həbsləri Azərbaycanın demokratik ölkələr birliyi ilə əlaqələrinə xələl gətirib.

Senatorlar qanunsuz həbslərə və azadlıqların boğulmasına görə Azərbaycan hökumətini qınayır və Azərbaycanda siyasi məhbusları, o cümlədən doktor İbadoğlunu dərhal və qeyd-şərtsiz azad etməyə çağırırl.

Qətnamədə həmçinin dövlət katibi Azərbaycan hökuməti ilə əlaqələrində doktor İbadoğlunun rifahına və azad edilməsinə üstün diqqət yetirməkdə davam etməyə çağırılır.

Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs edilib.

O hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri, Avropa İttifaqı, ATƏT İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Amerikanın Səsi 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az