MSK təkzib edir, hüquqşünas qəsdli müdaxiləni ifadə azadlığına zidd sayır
Növbədənkənar Prezident seçkiləri ilə əlaqədar ölkə ərazisində, xüsusilə də bəzi seçki məntəqələrində internetin verilməsində məhdudiyyətlərin olduğu bildirilir.
Hazırda seçki məntəqələrində olan jurnalistlər problemlə üzləşdiklərini deyirlər.
Meydan TV-nin Bakının 310 və 80 nömrəli məktəblərindəki seçki məntəqələrində olan əməkdaşları da eyni problemlə üzləşdiklərini bildiriblər.
Onların sözlərinə görə, nəinki seçki məntəqələrində və xeyli kənarda da video çəkilişləri, hətta “WhatsApp” üzərindən səs yazılarını göndərmək mümkün olmur.
Meydan TV-nin Füzulidəki əməkdaşı deyir ki, fevralın 6-dan rayonda internetin verilməsində məhdudiyyətlər yaranıb.
“İstifadə etdiyim hər iki mobil operator “Nar” və “Bakcell”in interneti işləmədi. Hətta “Bakcell” rouminqə keçdi. Təxminən bir saat sonra internet bərpa olunsa da, verilişi çox zəif idi”, – əməkdaş deyir.
Mərkəzi Seçki Komissiyasının (MSK) Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli Meydan TV-yə bildirib ki, internetin xidmətinə müdaxilə edilməsi ilə əlaqədar şikayət almayıb.
“Mən 310 və 80 nömrəli məktəblərlə əlaqə saxladım. Bildirdilər ki, internetin verilməsində heç bir problem yoxdur. Ümumiyyətlə, belə bir problemin olması mümkün deyil”, – MSK sözçüsü deyib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən və mobil operatorlardan məsələyə münasibət öyrənmək mümkün olmayıb.
Hüquqşünas Ələsgər Məmmədli Meydan TV-yə deyir ki, informasiya mübadiləsi fonunda internetin verilməsinə qəsdli müdaxilə ifadə azadlığına ziddir:
“Sübutlar varsa, bu hal qəsdən informasiya əldə etmə və informasiyanı paylaşmaq hüququnu məhdudlaşdırmaq kimi qəbul olunmalıdır və bu yolverilməzdir. Belə bir hal varsa, jurnalistlər tərəfindən bununla bağlı sonradan məhkəmə mübahisəsi də açmaq olar”.
Azərbaycanda internet əvvəllər də məhdudlaşdırılıb.
2022-ci il sentyabrın 14-də Azərbaycan-Ermənistan sərhədində hərbi hücum zamanı “TikTok”a giriş məhdudlaşdırılmışdı.
Eyni zamanda 2023-cü il sentyabrın 19-da Dağlıq Qarabağ bölgəsində başlanan hərbi əməliyyat zamanı Füzulidə internet bir aydan çox müddətə bloklanmışdı.
Həmçinin hökumət mitinqlər zamanı aksiyaların keçirildiyi ərazilərdə də interneti bloklayır.
Ötən gün, fevralın 6-da 105 ölkədə olan 300-dən çox təşkilat İlham Əliyevə müraciət edərək, seçki zamanı və seçkilərdən sonra Azərbaycan xalqının internetə təhlükəsiz çıxışını təmin etməsini istəyib.
Həmin təşkilatları birləşdirən qlobal şəbəkə #KeepItOn koalisiyasının üzvləri İlham Əliyevlə yanaşı, Baş nazir Əli Əsədov, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev və Aztelekom, “Azercell Telecom”, “Nar”, “Bakcell” rəhbərlərinə də müraciət edib.
Müraciətdə internetin bağlanmasının milli və beynəlxalq qanunlara zidd olduğu önə çəkilir.
Belə addımın Azərbaycan Respublikasının Konstitusiyası (maddə 47, 49, 50), Ümumdünya İnsan Hüquqları Bəyannaməsi (UDHR) və “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Pakt da daxil olmaqla, milli, regional və beynəlxalq çərçivələrlə təmin edilən əsas insan hüquqlarını pozduğu deyilir.
Meydan TV