Tofiq Yaqublu barəsində həbs qətimkan tədbiri seçilib

tərəfindən Gozetci

Tofiq Yaqublu

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu haqqında həbs qərarı çıxarılıb.

Dekabrın 15-də Nərimanov Rayon Məhkəməsində onun istintaq dövründə həbsdə saxlanması üçün prokurorun verdiyi təqdimata baxılıb. Hakim Gültəkin Əsədova təqdimatı təmin edib və ilkin istintaq dövrü üçün Tofiq Yaqublu haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələrilə ittiham olunan Tofiq Yaqublu məhkəmədə bu ittihamların saxta olduğunu bildirib. Siyasi fəaliyyətinə görə sifarişlə həbs olunduğunu vurğulayan Yaqublu təqsirsiz olmasına baxmayaraq, məhkəmədən heç bir gözləntisi olmadığını deyib. O bildirib ki, Azərbaycanda ədalətli məhkəmə yoxdur, hakimlər gələn sifarişi yerinə yetirir:

“Siz də onlardan birisiniz. Nə sifariş verilibsə, onu da eləyəcəksiniz. Bu, məhkəmə deyil ki… Ona görə sizdən nə bir xahişim, nə də gözləntim var…”.

Tofiq Yaqublunun vəkilləri Aqil Layıc və Nemət Kərimli bildirib ki, onu həbsdə saxlamadan da istintaq aparıla bilər. Onlar vurğulayıb ki, Tofiq Yaqublunun istintaqdan yayınmaq niyyəti yoxdur, yaşadığı yer bəllidir.

Lakin müstəntiq etiraz edib. Deyib ki, istintaq dövründə onun həbsdə saxlanması məqsədəuyğundur. Çünki istintaqdan yayına, dindiriləcək şəxslərə təsir göstərə bilər.
Qısa müşavirədən sonra hakim təqdimatın təmin olunduğunu və siyasətçi haqqında 4 aylıq həbs qətimkan tədbiri seçildiyini açıqlayıb.

Vəkillər Meydan TV-yə bildirib ki, həbs qərarından apelyasiya şikayəti verəcəklər.

Tofiq Yaqublunun qızı Nigar Həzi Meydan TV-yə danışıb ki, atası xaricə göndərmək adıyla pul almaqda ittiham olunur. Nigar Həzi bu ittihamın yalan olduğunu, Tofiq Yaqublunu şərləmək məqsədilə müəyyən adamlardan istifadə edildiyini deyir:

“Elnur Vaqifoğlu adlı biri var, uzun illər ərzində zaman-zaman müxtəlif adamlara qarşı cinayət işlərində ondan istifadə olunub. Özü də dələduzluğa görə məhkum edilib. İndi ondan atanı şərləmək üçün istifadə edirlər. Guya xaricə getmək istəyən biri Elnur Vaqifoğluna pul verib. O da vasitəçilik edib, pulu ataya verib. Tamamilə yalan, saxta, uydurma işdir. Belə bir şey olmayıb, ola da bilməzdi…”.

İddia olunur ki, pul dekabrın 8-də verilib, 11-də isə cinayət işi başlanıb. Nigar Həzi deyir ki, cəmi 3 gün ərzində cinayət işi başlanması və Tofiq Yaqublunun həbsi də bunun siyasi sifarişlə uydurulmuş iş olduğunu sübut edir.

Qeyd edək ki, Tofiq Yaqublu siyasi fəaliyyəti dövründə bir neçə dəfə inzibati və uzunmüddətli həbsdə olub.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az