CPJ Azərbaycan hakimiyyətini həbs edilən jurnalistləri azad etməyə çağırır

tərəfindən Gozetci

Jurnalistləri Müdafiə Komitəsi jurnalist Hafiz Babalının həbsini pisləyib və Azərbaycan hakimiyyətini onu və digər həbs olunan jurnalistləri dərhal azad etməyə çağırıb.

Araşdırmaçı jurnalist Hafiz Babalı dekabrın 13-də saxlanılıb. Ona qarşı “Abzas Media” xəbər saytının əməkdaşlarına açılan cinayət işində olduğu kimi “qaçaqmalçılıq” ittihamı irəli sürülüb. Bakının Xətai Rayon Məhkəməsi dekabrın 14-də Hafiz Babalı barəsində 3 ay həbs qətimkan tədbiri seçib.

“Tanınmış araşdırmaçı jurnalist Hafiz Babalını həbs etməklə Azərbaycan hakimiyyəti yalnız onu təsdiq edir ki, Abzas Medianı hədəf almaqda onların əsl məqsədi rəsmi korrupsiya iddiaları ilə bağlı araşdırmalarını susdurmaqdır. Azərbaycanın hakimiyyət orqanları bütün digər haqsız yerə həbs edilən jurnalistlərlə birlikdə Babalını dərhal azad etməli və müstəqil mətbuata qarşı davam edən repressiya dalğasını dayandırmalıdır”, CPJ-nin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gülnoza Səid vurğulayıb.

Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları ötən gün Hafiz Babalının Sumqayıtdakı mənzilində axtarış aparıb, kompüterini, mobil telefonunu və sənədlərini müsadirə edib. Daxili İşlər Nazirliyinin nümayəndəsi Babalının “Abzas Media” saytının əməkdaşlarına qarşı açılmış cinayət işi çərçivəsində saxlanıldığını bildirib.

Bundan əvvəl “Abzas Media” xəbər saytının direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov və reportyor Nərgiz Absalamova “qaçaqmalçılıq” ittihamı ilə həbs edilib.

“Abzas Media” jurnalistləri ittihamları qəbul etmir, həbslərinin peşə fəaliyyəti və korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər.

Rəsmi Bakı noyabrın 28-də ABŞ, Almaniya və Fransa səfirliklərinə etiraz bildirib. Azərbaycan Xarici İşlər Nazirliyi bu ölkələrdə qeydiyyatda olan təşkilatların iştirakı ilə “AbzasMedia” xəbər portalının qeyri-qanuni maliyyə əməliyyatları həyata keçirdiyini, ölkəyə qanunsuz yolla xarici valyuta gətirildiyini bildirib.

ABŞ və Almaniya səfirlikləri Azərbaycan Xarici İşlər Nazirliyinin səsləndirdiyi ittihamları qəbul etməyib.

Hafiz Babalı son bir neçə həftə ərzində Azərbaycanda həbs edilən səkkizinci jurnalistdir. “Abzas Media” əməkdaşları ilə yanaşı “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov və əməkdaşı Rüfət Muradlı, habelə “Kanal 11” internet televiziyasının direktoru Teymur Kərimov həbs edilən jurnalistlər arasındadır.

Çərşənbə günü Avropa Parlamentinin deputatları Azərbaycan hakimiyyətini həbs edilən jurnalistləri azad etməyə və müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa çağırıb.

Bu günədək Sərhədsiz Reportyorlar, Amnesty International, Norveç Helsinki Komitəsi və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətinə bənzər çağırışlar ediblər.

Amerikanın Səsi 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az