Tofiq Yaqublunun saxlanılıb (YENİLƏNİB)

tərəfindən Gozetci

Tofiq Yaqublu

Tofiq Yaqubluya qarşı dələduzluq ittihamı irəli sürülüb.

Bu barədə vəkili Aqil Layic Meydan TV-yə danışıb.

Ancaq vəkil deyib ki, istintaqın detalları haqda məlumat verə bilməyəcək:

“Çünki istintaqda bəzi şəxslərin adı keçir və biz iltizam aktını imzalamışıq”.

Vəkil qeyd edib ki, Yaqubluya Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya  satma) maddələri ilə cinayət işi açılıb:

“Bu, dələduzluq, saxta sənədlərin hazırlanması və ondan istifadə olunması deməkdir. Yəni bir növ mühacir alverinə bənzər bir şeydir. Tofiq bəy bu ittihamları rədd edir və həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir”.

Onun sözlərinə görə, Tofiq Yaqublu təqsirləndirilən yox, şübhəli şəxs qismində saxlanılıb:

“Dekabrın 15-də növbəti addımlar olacaq və bununla bağlı ictimaiyyətə açıqlama veriləcək”.

*  *  *

Tofiq Yaqublunun qızı Nigar Həzi deyib ki, axtarış zamanı evdən guya pul aşkarlanıb.

O, bu pulu əməliyyatçıların qoyduğunu bildirib:

“Evimizdən pul “tapılıb”. 5 min avro, 2500 manat və nə qədərsə dollar qoyublar”.

*  *  *

Hazırda siyasətçinin evində axtarış aparılır

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun saxlanıldığı və evində axtarış aparıldığı bildirilir.

Bu barədə dekabrın 14-də Tofiq Yaqublunun qızı Nigar Həzi “Facebook” səhifəsində paylaşım edib.

Nigar Həzi atasının Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığını qeyd edib.

Tofiq Yaqublunun saxlanılmasının səbəbləri hələ ki açıqlanmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, Tofiq Yaqublu Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, hazırda araşdırma aparılır.

Tofiq Yaqublunun evinin qarşısı. Foto: Meydan TV

Xatırlatma

Tofiq Yaqublu 2013-cü il İsmayıllı hadisələrindən bir gün sonra yanvarın 24-də rayona səfər etdiyi üçün həbs edilmişdi.

Yanvarın 26-da Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında İsmayıllı hadisələrini REAl sədri İlqar Məmmədov və Tofiq Yaqublunun təşkil etdiyi bildirilirdi.

Həmin il Tofiq Yaqublu İsmayıllı hadisələrində ittiham edilərək 5 il müddətinə azadlıqdan məhrum edildi.

2016-cı il martın 17-də Prezident sərəncamı ilə əfv olundu.

2020-ci ilin martın 23-də Nizami Rayon Məhkəməsinin qərarı ilə Tofiq Yaqublu barəsində üç aylıq həbs qətimkan tədbiri seçilərək Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcidxanasına göndərildi.

Sentyabrın 3-də Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxardı.

Ancaq o “ölüm aclığı”na başladı və sentyabrın 18-də azadlığa buraxıldı.

 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az