Nemət Kərimli: “Orxan Hacılı həbsinin “Müsavat” partiyasının siyasi fəaliyyəti ilə əlaqəli olduğunu bildirir”

tərəfindən Gozetci

Noyabrın 27-də Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılının şikayətinə baxılıb.

Bakı şəhəri Yasamal Rayon Məhkəməsi noyabrın 22-də Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılının ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin etməmişdi.

Həmin qərardan şikayət verən Orxan Hacılının vəkili Nemət Kərimli Amerikanın Səsinə açıqlamasında bildirib ki, apellyasiya şikayəti təmin edilməyib:

“Həmişə olduğu kimi, heç bir əsaslandırma olmadan, qanunsuz olaraq vəsatət rədd edildi. Bu işlə bağlı bir məsələyə xüsusi yanaşmaq lazımdır. Bu günə qədər zərərçəkən şəxsin kimliyini müəyyən etmək mümkün olmamışdı. Onun təqsirli bilindiyi maddələrə əsasən, zərərçəkən şəxslə barışıq olduğu halda cinayət işinə xitam verilə bilər. Bununla bağlı müstəntiqə rəsmi müraciət edilib. Həmin şəxslə bağlı lazımı məlumatlar verilmir ki, bir razılaşma əldə edilsin. Bu məsələ ilə bağlı yenidən vəsatət qaldırıldı bu günki məhkəmədə, lakin təmin edilmədi”, Kərimli qeyd edib.

Vəkil hesab edir ki, Orxan Hacılı ilə bağlı həbs qərarı prosessual qanunvericiliyin pozuntusudur.

Orxan Hacılıya qarşı noyabrın 1-də Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi açılıb. Noyabrın 2-də Orxan Hacılı barədə iki aylıq həbs qətimkan tədbiri seçilib.

Kərimli deyib ki, həbsdən öncə hadisə ilə bağlı sosial şəbəkələrdə video-görüntülər yayılıb. “Orxan avtomobillə hərəkət edərkən qarşısına çıxan avtomobil sol tərəfə manevr edərək qaydanı pozur. Orxan avtomobili yayındırarkən həmin avtomobilə toxunur. Daha sonra Orxan avtomobilindən düşür həmin şəxslərlə görüşür. Həmin şəxslər hər hansı xəsarətin olmadığını bildirir. Hadisədən təxminən 20 gün keçəndən sonra deyirlər ki, guya orada səkidə kimsə oturubmuş, ona avtomobil dəyib və kəllə-beyin travması alıb”, Kərimli qeyd edib.

Amerikanın Səsi

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az