Siyasi fəal Rza Səfərsoy həbs edilib

tərəfindən Gozetci

Rza Səfərsoy

Noyabrın 24-də Xəzər rayon Polis İdarəsinin əməkdaşları siyasi fəal, özünü sosial şəbəkələrdə ALÖV (Azərbaycanın Ləyaqətli Övladlarının Vəhdəti) Partiyasının sədri kimi təqdim edən Rza Səfərsoyu saxlayıb.

Rza Səfərsoy barəsində Cinayət Məcəlləsinin 228-ci maddəsi (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) ilə cinayət işi qaldırılıb, həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Rza Səfərsoya qarşı qeyd olunan maddə ilə cinayət işinin qaldırılması məlumatını təsdiqləyib.

Fəalın həyat yoldaşı Təranə Səfərsoy Amerikanın Səsinə deyib ki, noyabrın 24-də çoxsaylı polis əməkdaşları Xəzər rayonunda Binə-sovxoz adlanan ərazidəki evlərində axtarış aparıb və sonra Rza Səfərsoyu saxlayıb.

“Polislər evimizdə axtarış apardıqları zaman məni iki saatadək avromobillərində saxladılar. Evimizdən kompüter, mobil telefon və digər texniki avadanlıqları aparıblar. Axtarışla bağlı heç bir sənədləşmə işi aparılmadı. Axtarış bitdikdən sonra həyat yoldaşımı apardılar. Evimizdə hər şeyi alt-üst ediblər. Noyabrın 25-də məni də Xəzər rayon Polis İdarəsində sorğu-sual etdilər. İndiyədək həyat yoldaşımın taleyindən xəbərim yoxdur”, o qeyd edib.

Təranə Səfərsoy hesab edir ki, həyat yoldaşı sosial şəbəkələrdə ölkə rəhbərlərinin ünvanına səsləndirdiyi tənqidi fikirlərinə və ictimai-siyasi fəaliyyətinə görə saxlanılıb.

Bundan öncə Rza Səfərsoy 2018-ci ildə Facebook səhifəsində bəzi statuslarına görə Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar) və 281.1-ci (dövlət əleyhinə açıq çağırışlar etmə və ya bu məzmunlu materiallar yayma) maddələri ilə təqsirli bilinərək Səbail Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. O, hökmdən apellyasiya şikayəti verərək, bəraət istəyib. 2019-cu il fevralın 11-də Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə onun şikayəti qismən təmin olunub. Səfərsoyun cəzası 2 ildən 7 ay 2 günə endirilib. O, həmin gün cəza müddəti tamam olduğuna görə məhkəmə zalından azadlığa buraxılıb. Rza Səfərsoy ittihamı qəbul etməyib.

Amerikanın Səsi

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az