Noyabrın 27-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədovun həbs müddətinin uzadılmasından verilən apellyasiya şikayətinə baxılıb.
Abzas Media-nın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə ictimai fəalın şikayəti təmin edilməyib.
Xatırlatma
Afiəddin Məmmədov sentyabrın 20-də həbs olunub.
Rəsmi məlumatda bildirilib ki, o bir nəfərə xəsarət yetirib.
Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Onun barəsində ilkin istintaq dövrü üçün 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Noyabrın 15-də istintaqın yekunlaşmaması əsası ilə ictimai fəal barəsində seçilmiş həbs qətimkan tədbiri daha 2 ay uzadılıb.
Afiəddin Məmmədov məhkəmədə həbsinin siyasi sifariş olduğunu və işçilərin hüquqlarını müdafiə etdiyi üçün həbs olunduğunu bildirib.
Abzas Media