Məhkəmə Məhəmməd Kekalovu 3 ay 29 gün müddətinə həbs edib

tərəfindən Gozetci

Məhəmməd Kekalov

Vəkil Rövşanə Rəhimova noyabrın 23-də Xətai rayon polis idarəsində ictimai fəal Məhəmməd Kekalovla görüşüb.

Vəkilin Turan agentliyinə verdiyi məlumata görə, görüş müstəntiqin iştirakı ilə baş tutub.

Eyni zamanda, Kekalov Rəhimovanın xidmətlərindən imtina edərək, artıq təyinatlı vəkilinin olduğunu  söyləyib.

Kekalovun ailəsi tərəfindən müdafiəyə cəlb edilən  Rəhimova fəala bir neçə vəkilin olmasına imkan verən hüquqlarını izah edib. Lakin Kekalov imtinasını təkrarlayıb. Eyni zamanda o, cinayət törətmədiyini qeyd edib.

Rəhimova müstəntiqdən Kekalovla təklikdə danışmağa icazə verməsini xahiş etsə də, rədd cavabı alıb.

Öz növbəsində, təyin olunmuş vəkil Sənan Əsədov Turan-ın müxbirinə təsdiqləyib ki, Kekalov ona qarşı irəli sürülən ittihamları qəti şəkildə qəbul etmir.

Vəkil Əsədov bildirib ki, noyabrın 23-də axşam saatlarında Xətai Rayon Məhkəməsi Kekalov barəsində 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 206.3.2 maddəsi (Qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham edilib.

Kekalov noyabrın 20-də saxlanılıb və o vaxtdan yalnız bu gün  fəalın ailəsi tərəfindən cəlb edilən vəkili Rəhimova onunla görüşə bilib.

Daxili İşlər Nazirliyi Kəkalovun “Abzas Media” rəhbərləri Ülvi Həsənli və Sevinc Vaqifqızının işi üzrə saxlanıldığını bildirib. Hər üç şəxs qaçaqmalçılıqda ittiham olunur. Həsənli və Vaqifqızı ittihamları rədd edərək, jurnalist araşdırmalarına görə təqib olunduqlarını bildiriblər. Bir çox beynəlxalq təşkilatlar onları dərhal azad etməyə çağırıb.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az