Qubad İbadoğlunun vəsatətləri təmin olunmadı

tərəfindən Gozetci

Qubad İbadoğlu. Foto: Meydan TV

 

Vəkillər onun qanunsuz həbsdə saxlanıldığını, sənədlərinin əsassız müsadirə edildiyini bildiriblər

Noyabrın 22-də Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri, professor Qubad İbadoğlu ilə bağlı iki məhkəmə prosesi keçirilib.

Bunlardan biri Qubad İbadoğlu haqqında istintaq dövrü üçün həbs müddətinin daha 3 ay uzadılması, digəri isə saxlandıqdan sonra onun rəhbərlik etdiyi partiyanın sənədlərinin götürülməsi və bu günə qədər qaytarılmamasıyla bağlı olub.

Noyabrın 16-da Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranov ADR sədri haqqında prokurorun təqdimatını təmin edərək, həbs qətimkan tədbirinin müddətini daha 3 ay uzatmışdı.

Bu qərardan verilən apellyasiya şikayətinə noyabrın 22-də baxılıb.

Məhkəmədə vəkil Zibeydə Sadıqova şikayətini əsaslandırarkən bildirib ki, Qubad İbadoğluna qarşı ittihamlar əsassızdır.

Müvəkkilinin təqsirsiz olduğunu vurğulayan vəkil əlavə edib ki, üstəlik, onun səhhətində ciddi problemlər var.

Təcridxanada qapalı şəraitdə saxlanması, onun üçün vacib olan tibbi xidmətin əlçatan olmaması sağlıq durumunun günü-gündən pisləşməsinə gətirib çıxarır.

Zibeydə Sadıqova deyib ki, Qubad İbadoğlu həbsdə saxlanmadan da istintaq davam etdirilə bilər.

Müstəntiq isə buna etiraz edib.

O bildirib ki, hələ istintaq yekunlaşmayıb, bir sıra istintaq hərəkətləri aparılmalıdır.

Bu müddətdə isə Qubad İbadoğlunun həbsdə qalması məqsədəuyğundur. Çünki buraxılacağı halda, istintaqdan yayınmaq, istintaqın gedişinə təsir göstərmək imkanı ola bilər.

Qubad İbadoğlu özü də təqsirsiz olduğunu, sifarişlə həbsdə saxlandığını bildirib.

Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib, həbs qətimkan tədbirinin 3 ay artırılması haqda Nərimanov Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

ADR partiyasının sənədlərilə bağlı məsələyə gəlincə, vəkillər bundan ötrü Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmişdilər. Lakin onların müraciətlərinə müsbət cavab verilməmişdi.

Bu üzdən müdafiəçilər məhkəmə nəzarəti qaydasında şikayətlə Nərimanov Rayon Məhkəməsinə ərizə vermişdilər.

Ərizədə istintaqı aparan qurumun – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin üzərinə partiyanın sənədlərinin qaytarılması öhdəliyinin qoyulması istənilirdi. Lakin Nərimanov rayon Məhkəməsi bunu da təmin etməmişdi.

Noyabrın 22-də Bakı Apellyasiya Məhkəməsində bu məsələ ilə bağlı şikayətə baxılarkən vəkil Fəxrəddin Mehdiyev deyib ki, ADR partiyası qeydiyyatından imtina olunmasıyla əlaqədar bir müddət əvvəl məhkəməyə müraciət edib.

Hazırda qeydiyyat problemilə əlaqədar məhkəmə prosesləri davam etdiyinə görə həmin sənədlərə də ehtiyac var.

Üstəlik, partiyanın sənədlərinin Qubad İbadoğluna qarşı saxta pul ittihamına heç bir aidiyyəti yoxdur.

Apellyasiya məhkəməsi sənədlərin qaytarılması məsələsində də Qubad İbadoğlunun şikayətini təmin etməyib.

Hər iki məsələ ilə əlaqədar ölkədaxili hüquqi müdafiə vasitələri tükəndiyinə və bu kimi məsələlərdə Ali Məhkəməyə şikayət qanunla nəzərdə tutulmadığına görə vəkillər Avropa Məhkəməsinə müraciət edəcək.

Xatırlatma

London İqtisadiyyat Məktəbinin dəvətli mühazirəçisi olan professor Qubad İbadoğlu iyulun 23-dən həbsdədir.

Həmin gün ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

ADR sədri öncə daha dörd nəfərlə əlbirlikdə ittiham olunurdu. Onların adları ilk dəfə Qubad İbadoğlunun həbsi ərəfəsində Türkiyə mediasında açıqlanmışdı.

FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan bu dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.

Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir.

Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.

Qubad İbadoğlu saxlandığı gün ofisdə keçirilən axtarışda 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia olunur. Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur.

Avqustun 25-də ona Cinayət Məcəlləsinin 167-3.1-ci (Dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsilə yeni ittiham elan olunub.

Qubad İbadoğlu bu ittihamın da absurd olduğunu deyib və etiraz əlaməti olaraq, ifadə verməkdən imtina edib.

Qubad İbadoğlu həbs olunduğu gün axtarışdan sonra məkandan çıxarılıb aparılarkən Prezident İlham Əliyevin sifarişilə həbs olunduğunu bildirib.

Bundan başqa, avqustun 6-da Türkiyədə yaşayan və orada universitetdə işləyən azərbaycanlı alim Fazil Qasımov saxlanılaraq, Azərbaycana gətirilib.

Avqustun 8-də Nərimanov rayon Məhkəməsinin qərarıyla onun haqqında həbs qətimkan tədbiri seçilib.

Ona qarşı da eyni maddə ilə ittiham irəli sürülüb.

Meydan TV 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az