AŞPA məruzəçiləri Azərbaycan hakimiyyətini Ülvi Həsənlini dərhal azad etməyə çağırır

tərəfindən Gozetci

Ülvi Həsənli

“Avropa Şurasının üzvü olan ölkədə buna dözmək olmaz”

AŞPA-nın “Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatı və təhlükəsizliyinə təhdidlər” məsələsi üzrə məruzəçisi Hanna Bardell, AŞPA-nın media azadlığı və jurnalistlərin təhlükəsizliyi üzrə baş məruzəçisi Mogens Yensen və AŞPA-nın siyasi məhbuslar üzrə baş məruzəçisi Sunna Aevarsdottir “Abzas Media” müstəqil nəşrinin təsisçisi və icraçı direktoru Ülvi Həsənlinin həbsi və pis rəftara məruz qalması ilə bağlı bəyanat yayıblar.

Bəyanatda həmməruzəçilər “Abzas Media”nın hökumətin korrupsioner fəaliyyətinə dair araşdırma reportajlarından sonra Ülvi Həsənlinin susdurulmaq məqsədilə həbs edilməsi və saxlanma müddətinin uzadılması ilə bağlı dərin narahatlıqlarını ifadə ediblər, onun Azərbaycan hakimiyyət orqanları tərəfindən pis rəftara məruz qalmasını qınayıblar.

“Bu ilin əvvəlində Ülvi Həsənli AŞPA-nın üç komitəsinin Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatı və təhlükəsizliyinə təhdidlərlə bağlı birgə dinləmələrində iştirak edib. O, Azərbaycan hakimiyyətinin jurnalistləri və hüquq müdafiəçilərini necə təqib etdiyini, şəxsi həyatları ilə bağlı intim məlumatları yaymaqla onları gözdən salmağa çalışdığını deyib.

Ülvi Həsənli həmçinin polisin aksiya iştirakçıları və jurnalistlərə qarşı vəhşicəsinə rəftar etdiyini və onların hərəkətlərinə görə mütləq şəkildə cəzasız qaldıqlarını bildirib. Azərbaycan hakimiyyətinin bu ölkədə qalan azsaylı müstəqil səslərdən birini korrupsiya faktlarını ifşa etdiyinə görə susdurmaq məqsədilə həbs etməsinə inanmaq mümkün deyil”, – deyə bəyanatda bildirilib.

AŞPA məruzəçilərinin birgə bəyanatında qeyd edilib ki, təcrübəli araşdırmaçı jurnalist Ülvi Həsənli əvvəllər insan haqları və qanunun aliliyinin müdafiəsinə sadiqliyinə görə hədəfə alınıb.

“Səhhətinin pis olmasına baxmayaraq, o, orduya çağırılıb, əsassız həbslərə məruz qalıb. Azərbaycan polisi onun jurnalist kimi fəaliyyətinə mane olub, etiraz aksiyalarından yazılan materialları silməyi ondan tələb edib. Onu müstəqil mediadan uzaqlaşdırmağa yönəlmiş bütün bu tədbirlərə baxmayaraq, Ülvi Həsənli AŞPA komitələrində müstəqil jurnalistlərin nəyin bahasına olursa-olsun, öz qərəzsiz fəaliyyətlərini heç vaxt dayandırmayacaqlarını bir daha təsdiqləyib.

Hesab edirik ki, Ülvi Həsənlinin qaçaqmalçılıqda şübhəli bilinərək son həbsi onun Parlament Assambleyası ilə əməkdaşlığına və hökumət üzvləri arasında korrupsiya faktları ilə bağlı apardığı son jurnalist araşdırmalarına görə repressiyadır. Onun həbsi və saxlanması tənqidi susdurmaq, Azərbaycanda müstəqil fikir və media azadlığını əngəlləmək məqsədi daşıyır. Bu, Azərbaycan hakimiyyətinin jurnalistlərə, hüquq müdafiəçilərinə, əslində isə hökumət ssenarisinə əməl etməyən hər kəsə qarşı repressiyasının növbəti nümunəsidir. Avropa Şurasının üzvü olan ölkədə buna dözmək olmaz”, – deyə bəyanatda qeyd olunub.

Həmçinin bildirilib ki, Azərbaycanda jurnalistin siyasi motivli həbsi hökumətin bu ölkədə söz azadlığının dəstəklənməsində Avropa Şurası ilə əməkdaşlıqdan son vaxtlar imtina etməsi fonunda baş verir.

“Biz Azərbaycan hakimiyyətini Azərbaycanın Avropa İnsan Hüquqları Konvensiyasından irəli gələn öhdəliklərinə uyğun olaraq, xüsusilə həbsdə pis rəftarla bağlı iddiaları operativ, hərtərəfli və müstəqil şəkildə araşdırmaq yolu ilə cənab Həsənlini dərhal azad etməyə və onun fundamental hüquqlarına hörmət edilməsini təmin etməyə çağırırıq.

Bu tələbin yerinə yetirilməməsi Azərbaycanın Avropa Şurasına üzv olduqdan sonra üzərinə götürdüyü və Avropa Şurasında davamlı üzvlüyünün bir hissəsi kimi Azərbaycan üçün məcburi olan öhdəlikləri açıq şəkildə pozur”, – deyə bəyanatın sonunda qeyd edilib.

Xatırlatma 

Noyabrın 20-də “Abzas Media” nəşrinin direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı həbs ediliblər. Onlara qarşı AR CM-nin 206.3.2-ci maddəsilə (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan qrupla törədildikdə) ittiham irəli sürülüb.

Noyabrın 21-də Xətai rayon məhkəməsi Sevinc Vaqifqızı barəsində 3 ay 29 gün, Ülvi Həsənli barəsində 4 ay həbs qətimkan tədbiri seçib.

Onların hər ikisi ittihamları rədd edir və həbslərinin peşəkar fəaliyyətləri, “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər.

Noyabrın 20-də evindən mülki şəxslər tərəfindən zorakılıqla aparılan “Abzas Media”nın direktor müavini Məhəmməd Kekalova qarşı da cinayət işi açılıb. O da Ü.Həsənli və S.Vaqifqızı kimi CM-nin 206.3.2-ci maddəsilə (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan qrupla törədildikdə) ittiham olunur. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat katibi Elşad Hacıyev məlumat verib.

AbzasMedia

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az