Vəkil Məhəmməd Kekalovun harada saxlanıldığını öyrənib

tərəfindən Gozetci

Məhəmməd Kekalov

 

Rövşanə Rəhimli: “Müstəntiqlə danışdım, saat 3-də görüşəcəyəm”

“AbzasMedia” saytının direktoru Ülvi Həsənlinin saxlanmasından az sonra mülki geyimli şəxslər tərəfindən evindən zorla aparıldığı deyilən ictimai fəal Məhəmməd Kekalovun yeri məlum olub.

Onun vəkili Rövşanə Rəhimlinin verdiyi məlumata görə, gənc fəal hazırda Xətai Rayon Polis İdarəsindədir.

Məhəmməd Kekalovun işi üzrə müstəntiqlə danışdım. Saat 3-də Məhəmmədlə görüşəcəyəm”, – Rövşanə Rəhimli bildirib.

Vəkil 3 gündür ki, müxtəlif dövlət orqanlarına müraciət etsə də, hüquqlarını müdafiə etdiyi şəxslə görüşə bilmirdi.

Müdafiəçinin bildirdiyinə görə, hətta Məhəmməd Kekalovun harada olduğu barədə də məlumat verilmirdi.

Rövşanə Rəhimli. Foto: Meydan TV

Yalnız noyabrın 22-də Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev ictimai fəalın cinayət məsuliyyətinə cəlb olunduğunu bildirib:

Məhəmməd Kekalovla bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə sonuncu müraciətim noyabrın 22-nə keçən gecə saat 01.52 radələrində olub. Xahiş etmişəm ki, şikayətimi təkrar qeydə alsınlar. Noyabrın 22-də isə Elşad Hacıyev mənə onun cinayət məsuliyyətinə cəlb edildiyini və başqa vəkili olduğunu bildirdi. Halbuki onun vəkili mənəm və bu barədə aidiyyəti qurumları rəsmi şəkildə məlumatlandırmışam”.

Elşad Hacıyevin bildirdiyinə görə, Məhəmməd Kekalov da “AbzasMedia”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızıyla eyni cinayət işi üzrə məsuliyyətə cəlb olunub.

Foto: Elşad Hacıyevin şəxsi arxivindən götürülüb

Söhbət Cinayət Məcəlləsinin 206.3.2. (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə başlanmış cinayət işindən gedir.

Günlərlə Məhəmməd Kekalovun yeri barədə məlumat verilməməsi, vəkili və yaxınlarının onunla görüşə buraxılmaması onun işgəncəyə məruz qalmasıyla bağlı ehtimallara əsas verib.

Sosial şəbəkələrdə ona işgəncə verilərək Ülvi Həsənli və Sevinc Vaqifqızı əleyhinə ifadələr almağa cəhd göstərildiyi barədə iddialar səslənir.

Ülvi Həsənli noyabrın 20-də səhər saat 5 radələrində evinin qarşısında taksiyə minərkən saxlanılıb.

Sevinc Vaqifqızı noyabrın 21-nə keçən gecə saat 2 radələrində ölkəyə qayıdarkən Bakıdakı hava limanında təyyarə yerə enən kimi saxlanılıb.

Noyabrın 20-də “AbzasMedia”nın ofisində və Ülvi Həsənlinin evində, Sevinc Vaqifqızı saxlandıqdan dərhal sonra isə gecə saat 3 radələrində onun yaşadığı mənzildə axtarış aparılıb.

Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.

Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.

Həm Ülvi Həsənli, həm də Sevinc Vaqifqızı onlara qarşı irəli sürülən ittihamın absurd olduğunu, “AbzasMedia”nın fəaliyyətinə, konkret olaraq, korrupsiya araşdırmalarına görə həbs olunduqlarını bildiriblər.

Meydan TV 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az