Avropa İttifaqı Qubad İbadoğlunun və Bəxtiyar Hacıyevin azad edilməsinə çağırır

tərəfindən Gozetci

Avropa İttifaqı Qubad İbadoğlunun məhkəməyəqədər həbs müddətinin uzaldılması ilə bağlı təəssüfünü ifadə edib, İbadoğlunun və Bəxtiyar Hacıyevin azad edilməsinə çağırıb.

“Aİ tanınmış alim və fəal Qubad İbadoğlunun məhkəməyəqədər həbs müddətinin uzaldılmasına təəssüflənir. Biz Azərbaycan hakimiyyətini onu lazımi tibbi yardımla təmin etməyə, İbadoğlunun və həmçinin fəal Bəxtiyar Hacıyevin dərhal azad edilməsinə çağırıq”, İttifaqın Xarici Siyasət İdarəsinin mətbuat katibi Peter Stano X (keçmiş Twitter) yazıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Aİ sözçüsünün bəyanatının istintaqın işinə müdaxilə olduğunu deyərək bunun qanunsuz və siyasi cəhətdən doğru olmadığını vurğulayıb.

“Həm Qubad İbadoğlu, həm də Bəxtiyar Hacıyev barəsində qanunla müəyyən edilmiş müvafiq cinayət işi aparılır və buna hörmət edilməlidir”, Hacızadə X səhifəsində yazıb.

Xatırlatma

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi noyabrın 16-sı Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun həbs müddətinin daha üç ay uzadılması ilə bağlı qərar qəbul edib.

Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu bu ilin iyul ayında həbs edilib. Onu ittihamlar üzrə 17 ilədək həbs cəzası gözləyir.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

2022-ci ilin dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilən Bəxtiyar Hacıyevin işi üzrə ibtidai istintaq noyabrın 13-də yekunlaşıb. Hacıyev Cinayət Məcəlləsinin 8 maddəsi ilə ittiham olunur və ittihamlara əsasən 12 ilədək həbs cəzasına məhkum edilə bilər.

İnsan hüquqları təşkilatları Qubad İbadoğlunun və Bəxtiyar Hacıyevin həbsinin siyasi motivli olduğunu qeyd edir, həbsləri Azərbaycan hakimiyyətinin öz tənqidçilərini susdurma cəhdi kimi qiymətləndirir.

Avropa Parlamenti sentyabr ayında qəbul etdiyi qətnaməsində Qubad İbadoğlunun dərhal azad edilməsinə, Azərbaycanda insan hüquqlarını pozan məmurlara qarşı sanksiya tətbiq edilməsinə çağırıb.

Amerikanın Səsi 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az