Qubad İbadoğlu ilə bağlı 52 şəhərdə aksiya keçiriləcək

tərəfindən Gozetci

Qubad İbadoğlu

İqtisadçının azadlığını tələb edən kampaniyanın adı “52 şəhərdə 52 aksiya”dır

Hazırda həbsdə olan iqtisadçı, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri (ADR) Qubad İbadoğlunun sentyabrın 12-də 52 yaşı tamam olur.

Onun doğum günü münasibətilə beynəlxalq aksiya keçirilməsi planlaşdırılır.

Aksiyanın adı “52 şəhərdə 52 aksiya”dır. Beləliklə, dünyanın müxtəlif ölkələrinin şəhərlərində insanlar Qubad İbadoğluna azadlıq tələbi ilə aksiya keçirəcəklər.

Qubad İbadoğlunun qardaşı Qalib Bayramov deyir ki, ilk aksiya Cənub-Şərqi Asiyada yerləşən Şərqi Timor Demokratik Respublikasının (Timor-Leste) paytaxtı Dili şəhərində olub.

Orada artıq sentyabrın 12-dir.

Dilidəki müstəqil vətəndaş cəmiyyəti fəalları Azərbaycan hökumətini Qubad İbadoğlunu azad etməyə çağırıb.

Növbəti gün, yəni sentyabrın 12-də ABŞ, Almaniya, Belçika, Fransa, Türkiyə, Polşa, Böyük Britaniya, Macarıstan, Danimarka, Norveç, Niderland, Gürcüstan və İsveçin müxtəlif şəhərlərində Qubad İbadoğluna azadlıq aksiyaları keçiriləcəyi planlaşdırılır.

Qalib Bayramov deyir ki, hazırda bu ölkələrdə keçiriləcək aksiyalara hazırlıq gedir.

İyulun 24-də barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçilən iqtisadçıya qarşı saxta pul hazırlama, dini-ekstremist materialların hazırlanması, saxlanması və ya yayılması ittihamları irəli sürülüb.

Azərbaycan Daxili İşlər Nazirliyi onun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iqtisadçı Qubad İbadoğlunun işinə dərhal baxılmasına qərar verib.

Məhkəmə 39-cu qaydanı (müvəqqəti məcburiyyət tədbirləri) əsas götürərək Azərbaycan hökumətinə suallar göndərib.

Meydan TV 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az