Bakı Apellyasiya Məhkəməsi Pünhan Kərimlinin 5 illik həbs cəzasını qüvvədə saxlayıb

tərəfindən Gozetci

Pünhan Kərimli

Avqustun 29-da Bakı Apellyasiya Məhkəməsi hakim Cavid Hüseynin sədrliyi ilə Almaniyadan Azərbaycana readmissiya olunandan bir qədər sonra narkotik ittihamı ilə həbs olunan müxalifətçi Pünhan Kərimlinin şikayəti üzrə qərar qəbul edib. Apellyasiya baxışı məhkəmə istintaqı ilə aparılıb.

Belə ki, Apellyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü dəyişərək həbs müddətini 6 ildən 5 ilə endirib. Amma Kərimlinin üzərində bundan öncə də 5 illik həbs cəzası var idi.

Vəkil Cavad Cavadov Amerikanın Səsinə deyib ki, Apellyasiya Məhkəməsi Pünhan Kərimliyə Cinayət Məcəlləsinin 234.4.1 (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi üzrə verilmiş ittihamı tövsifedici əlamət kimi ittihamdan xaric edib.

“Amma yenə də ümumi olaraq ittiham dəyişdirilməyib və 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma- külli miqdarda törədildikdə) maddəsi ilə Kərimlinin üzərində 5 illik həbs cəzası saxlanılıb.

“Hesab edirik ki, bu Ali Məhkəmənin göstərişlərinə əməl edilməyib. Apellyasiya Məhkəməsinin qərarından narazıyıq və Ali Məhkəməyə yenidən kassasiya şikayəti verəcəyik. Ali Məhkəmə bundan öncə Bakı Apellyasiya Məhkəməsinin qəraraını ləğv edib şikayəti yenidən apellyasiya baxışına qaytarıb. Ali Məhkəmə bir neçə göstəriş vermişdi. Göstərişlərdən ikisi bəraətverici əsaslarla, biri isə tövsiflə bağlı idi. Yəni Cinayət Məcəlləsinin 234.4.1 maddəsi bir qrup şəxs tərəfindən əlbir olub narkotiki satış məqsədi ilə əldə etməyi əhatə edir. Cinayət işinin məhkəmə istintaqında satış və bir qrup şəxsin olması sübut olunmayıb. Məhkəmə bunları da mübahisələndirmişdi. Lakin Apellyasiya Məhkəməsi nəticədə maddəni dəyişmədi və 5 il azadlıqdan məhrum etmə cəzası təyin etdi”, vəkil Cavad Cavadov Amerikanın Səsinə deyib.

Pünhan Kərimli 2018-ci ilin oktyabrında Almaniyaya mühacirətə gedib. Mühacirətdən öncə Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı kimi etiraz aksiyalarında iştirak etdiyi üçün təqiblərə məruz qalıb və bu səbəbdən ölkəni tərk edib.

Lakin Almaniya məhkəməsi onun Azərbaycanda siyasi təzyiqlərə məruz qalmadığı qənaətinə gəlib. 2021-ci ilin noyabrında Kərimli Azərbaycana deportasiya olunub. İki ay sonra o, narkotik ittihamı ilə həbs olunub.

Pünhan Kərimli ittihamı rədd edir. O, məhkəmədə həbsinin real səbəbini hakimiyyəti sərt tənqid etməsi ilə izah edib.

İyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Samir Əliyevin sədrliyi ilə Pünhan Kərimlini 6 il həbsə məhkum edib, daha sonra Apellyasiya Məhkəməsi bu müddəti 1 il azaldıb.

Bu il mayın 16-da Ali Məhkəmə Pünhan Kərimlinin kassasiya şikayətinə baxıb və şikayəti yenidən apellyasiya instansiyasına qaytarıb.

Amerikanın Səsi

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az