“Vəkil deyir ki, Fəridi casusluqda ittiham edəcək heç bir dəlil-sübut yoxdur”
Anası İranda həbs edilən azərbaycanlı tələbəyə vəkil tutub.
Vəkil işlə tanış olandan sonra bildirib ki, Fərid Səfərlini casusluqda ittiham edəcək heç bir dəlil-sübut yoxdur.
Fərid Səfərlinin anası Dilarə Əsgərova Meydan TV-yə deyib ki, oğlu ilə dünən danışıb.
Onun sözlərinə görə, oğlu bəraət alacağına ümid edir:
“Oğlumun qız dostu da barəsində ifadə verib. Onun casus olduğuna inanmadığını bildirib. Fərid onun ifadəsi ilə də tanış olub. Lakin hakim bunlarla razı deyil, deyir ki, casusluq üçün gəlmisən, ola bilər qorxmusan, yaxud şərait olmayıb deyə heç nə edə bilməmisən. Amma məqsədin bu olub”.
Ana bildirir ki, oğlu həbsdə olduğu müddətdə kor bağırsağından əməliyyat da olunub.
O bildirir ki, həbsxana mühiti onun sağlamlığına zərər vurur:
“Özü də çox gərgindir. Deyirəm ki, sənə kitab göndərim. Ona belə etiraz edir ki, kitabın mövzusundan, nə bilim hər şeydən bir problem çıxarırlar, o dərəcədə gərginlik içindədir. Mən ona öz imkanlarımla vəkil tutdum, vəkil işlə tanış olub, Fəridlə və hakimlə görüşüb. Telefon, internet yox, bütün gününü fars dilini öyrənməklə keçirir. Bir də çox düşünür, fikir çəkir”.
Fərid Səfərlinin ən son, iyulun 19-da keçirilmiş məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.
Almaniyanın Yena şəhərində magistratura təhsili alan 27 yaşlı Fərid Səfərlinin İrana səfərindən sonra ondan xəbər almaq mümkün olmayıb.
Anası deyib ki o, İrana bir zamanlar Yena Universitetində təcrübə keçən həkim qız dostunu görmək üçün gedib.
Xatırlatma
Fevralın 20-də Almaniyadan çıxan Fərid İranda olarkən dostları və ailəsi ilə əlaqə saxlayıb.
Martın 3-də Almaniyadakı dostlarından ona bilet almalarını da rica edib.
O, martın 4-də Tehran-İstanbul-Berlin reysi ilə Almaniyaya dönməliymiş, lakin həmin gündən onunla əlaqə saxlamaq mümkün olmayıb.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) martın 9-da Fərid Səfərli ilə bağlı İrana nota verib.
Fərid Səfərlinin anası Dilarə Əsgərova oğlunun İranda həbs olunması ilə bağlı rəsmi məktubu iyunun 1-də alıb.
XİN-dən tələbənin anasına deyiblər ki, Fərid Səfərli İranda casusluq ittihamı ilə saxlanılıb.
İran hüquq-mühafizə orqanları onun saxlanılmasını 3 ay gizlədiblər.
Meydan TV