Şüvəlan İstintaq Təcridxanasında Samir Aşurovun vəziyyəti pisləşib

tərəfindən Gozetci

Samir Aşurov

Şüvəlandakı istintaq təcridxanasında Almaniyadan çıxarıldıqdan sonra həbs edilən fəal Samir Aşurovun vəziyyəti kəskin pisləşib. Bu barədə “Turan”a onun həyat yoldaşı Nuranə Aşurova məlumat verib.

Onun sözlərinə görə, şəkərli diabetin kəskinləşməsi ilə əlaqədar onun ayaqlarında yaralar yaranıb, lazımi müalicə aparılmasa, bu, qanqrenaya səbəb ola bilər.

Bundan başqa, Samir Aşurov ürək xəstəliyindən əziyyət çəkir və son vaxtlar onda ürək döyüntüsü (aritmiya) müşahidə olunur.

Aşurova qeyd edib ki, Samir Aşurovun müalicə üçün Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsinin zəruridir.

“Almaniyada Samir şəkərli diabet xəstəsi kimi tibb müəssisəsində qeydiyyatda idi və müntəzəm müalicə alırdı. İstintaq təcridxanasında o, ancaq dərman qəbul edir, lakin qanında şəkərin səviyyəsini belə ölçmürlər”.

“Samir 11 nəfərlik kiçik kamerada saxlanılır. Oraya Günəş işığı düşmür və havalandırılmır. Su normal verilmir, tualetdə antisanitariyadır”, – deyə Aşurova bildirib.

O, Samir Aşurovun məhkəməsinin əsassız olaraq (bir ilə yaxındır) yubanmasını da qeyd edib.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Xatırlatma

Samir Aşurov bu il martın 29-da Almaniyadan çıxarılıb. 20 gün sonra isə Bakıda polis tərəfindən saxlanılıb. O, Elşən Nəbiyevə bıçaqla xəsarət yetirməkdə (CM-nin 126.2.4-cü – xuliqanlıq məqsədilə qəsdən sağlamlığa ağır zərər vurma) ittiham olunub. Onu 6 ildən 11 ilə qədər həbs gözləyir.

İyulun 21-də Aşurov Cinayət Məcəlləsinin digər maddəsi – 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyadan istifadə etməklə xuliqanlıq) ittiham olunub.

Hüquq müdafiəçiləri Aşurovu “siyasi məhbus” kimi tanıyıblar və hesab ediblər ki, təqibin əsl səbəbi onun insan hüquqlarının pozulmasına qarşı etiraz aksiyalarında iştirakı olub.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az