RATİ Azərbaycan hakimiyyətini Qubad İbadoğlunu azad etməyə çağırır

tərəfindən Gozetci

Qubad İbadoğlu

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri, iqtisadçı Qubad İbadoğlunun dərhal azadlığa buraxılmasına çağırıb.

RATİ bugün yaydığı bəyanatında İbadoğlunun özbaşına və siyasi motivli həbsinə görə Azərbaycan hakimiyyətini qınayıb. Bəyanatda qeyd edilir ki, kleptokratiya və qohumbazlığın qızğın tənqidçisi olan Qubad İbadoğlu Azərbaycana qayıtmazdan bir müddət əvvəl mübarizə yoldaşları ilə birlikdə Londonda Azərbaycan gənclərinə dəstək fondu yaradıb, bu fond korrupsiya yolu ilə oğurlanmış aktivlərin qaytarılması və onların Azərbaycan gənclərinin sırasından gələcək peşəkar kadrların hazırlanması üzrə vətəndaş təşəbbüsünə dəstək üçün yönəldilməsi ilə məşğul olmalı idi.

“Əminəm ki, siyasi elita tərəfindən oğurlanmış və Qərbdə yerləşən aktivlərin geri qaytarılmasına dair bu yeni antikorrupsiya təşəbbüsü onun siyasi motivli təqibinin əsas səbəbi oldu”, RATİ-nin icraçı direktoru Emin Hüseynov bildirib.

İbadoğlu həmçinin 2020-ci ilin may ayında BİZ TV Youtube kanalını yaradaraq orada digər ekspertlərlə birlikdə gündəlik olaraq Azərbaycanın sosial-iqtisadi problemlərini ifşa edən, səmərəsiz dövlət idarəçiliyi ilə bağlı problemləri pisləyən verilişlər yayımlayıb.

RATİ qeyd edir ki, 2015-ci ildə faktiki olaraq xaricdə, əvvəl ABŞ-da, sonra isə Böyük Britaniyada yaşayan və işləyən Qubad İbadoğlu bütün bu illər ərzində Danske Bank vasitəsilə bir neçə milyard avronun qanunsuz olaraq xarici ofşorlara çıxarılmasına, Qərbdə daşınan və daşınmaz əmlak almaq üçün yuyulan qeyri-qanuni gəlirlərdən istifadə etməsinə, habelə öz maraqlarını təmin etmək üçün siyasətçilərə rüşvət verməsinə, Azərbaycanın nəqliyyat, sənaye və enerji infrastrukturu üçün çoxmilyardlı dövlət satınalmalarında korrupsiya sxemlərinə və Azərbaycanın hasilat sənayesində şəffaflığın olmamasına görə Azərbaycan rəhbərliyini daim tənqid edib.

“İbadoğlu dövlət vəsaiti hesabına “Boeing” və “Airbus” korporasiyalarından bahalı təyyarələr alarkən 1 milyard dollardan çox vəsaitin əsassız israf edilməsinə görə şəxsən Azərbaycan prezidentini dəfələrlə tənqid edib. İlham Əliyev ad çəkmədən İbadoğlu barədə tənqidi çıxış edərək onu psevdoekspert adlandırıb və sərt ifadələr işlətməkdən çəkinmədən gec-tez belə təxribatçı-tənqidçiləri Azərbaycana gətirərək cəzalandıracağını deyib. Həbs şəraitini nəzərə alsaq, Əliyevin verdiyi vədləri yerinə yetirdiyini söyləmək olar”, Emin Hüseynov əlavə edib.

Saxlanmanın əsassız zorakılıq və qeyri-insani rəftarla müşayiət olunan kobud şəraiti, mütəşəkkil dəstənin tərkibində saxta xarici valyutanın satılması ilə bağlı absurd ittihamları, çoxsaylı prosessual pozuntularla aparılan istintaq-əməliyyat tədbirlərini, həmçinin İbadoğlunun türkiyəli din xadimi Fətullah Gülənlə “əlaqələri” ilə bağlı hökumətyönlü mediada aparılan məqsədyönlü təbliğat və məlumatlandırma kampaniyasının başladığını nəzərə alaraq, RATİ Qubadoğlunun həbsinin tamamilə uydurma və siyasi motivli olması ilə bağlı qəti qənaətə gəldiyini bildirib.

RATİ hesab edir ki, Azərbaycan hakimiyyəti Qubad İbadoğluna qarşı qanunsuz hərəkətləri ilə Avropa İnsan Haqları Konvensiyasını kobud şəkildə pozub.

Təşkilat bununla əlaqədar olaraq, Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriçi, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçi, Avropa Şurası Parlament Assambleyasının prezidenti Tini Koksu, Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Liddell-Qreyncer və Liz Kristofferseni, AŞPA Hüquq Məsələləri Komitəsinin məruzəçisi Hanna Bardeli hakimiyyətin özbaşına repressiv hərəkətlərini pisləməyə və onlardan onun dərhal azadlığa buraxılmasını tələb etməyə çağırıb.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs qərimkan tədbiri seçib.

Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandrıb.

Amerikanın Səsi

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az