Bəxtiyar Hacıyevin həbs müddətinin uzadılması ilə bağlı verdiyi apellyasiya şikayəti təmin olunmadı

tərəfindən Gozetci

Bəxtiyar Hacıyev

İyulun 28-də Bakı Apellyasiya Məhkəməsində insan haqları fəalı Bəxtiyar Hacıyevin həbs müddətinin uzadılmasından müdafiə tərəfinin verdiyi apellyasiya şikayətinə baxılıb.

Vəkil Elçin Sadıqovun Amerikanın Səsinə verdiyi məlumata görə, fəal özü də məhkəmədə iştirak edib:

“O bir daha həbsinin siyasi olduğunu vurğuladı, həbsinə dair hər hansı hüquqi əsasların olmadığını dedi. Həmçinin, bildirdi ki, hüquq müdafiəçisi fəaliyyətinə görə həbsə və təqibə məruz qalıb.”

Bəxtiyat Hacıyevin saxlanılma şəraiti ilə bağlı, hələlik, narazılığının olmadığını deyən Sadıqov, fəalın şikayətinin yalnız qanunsuz həbs olunması ilə bağlı olduğunu bildirib.

“Aclıq aksiyasından sonra səhhəti qismən bərpa olunub,” vəkil qeyd edib.

İyulun 22-də Xətai Rayon Məhkəməsi istintaq orqanının vəsatəti əsasında fəal barəsində həbs qətimkan tədbirini daha 2 ay 10 gün, oktyabrın 8-dək uzadıb.

Xatırlatma

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.

Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib. Hacıyev aclıq aksiyasının 51-ci günündə aclığı dayandırıb.

Bu il iyunun 16-da istintaq orqanı Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 192-ci (Qanunsuz sahibkarlıq), 193-cü (Yalançı sahibkarlıq), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma), 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 206.1-ci (Qaçaqmalçılıq) maddələri ilə yeni ittihamlar irəli sürüb.

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, ittihamlar Bəxtiyar Hacıyevin ictimai və hüquq müdafiəçisi kimi fəaliyyəti ilə bağlıdır.

“Yeni ittihamlar QHT işlərində olan ittihamlardır. Guya Bəxtiyar Hacıyev qrantlar alıb və təyinatı üzrə xərcləməyib. Bəxtiyar Hacıyev ittihamları qəbul etmir. O bildirdi ki, ittihamlar onun ictimai və hüquq müdafiəçisi fəaliyyəti ilə bağlıdır. Bu ittihamlar təqibin əsas mahiyyətini göstərir,” vəkil bildirib.

Məhkəmə Hacıyev barəsində müxtəlif vaxtlarda həbs qətimkan tədbirinin uzadılması barədə qərarlar qəbul edib.

ABŞ Dövlət Departamenti, ABŞ Helsinki Komissiyası, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad olunmasını tələb edib.

Amerikanın Səsi

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az