Qubad İbadoğlunun evində axtarış aparılıb

tərəfindən Gozetci

Qubad İbadoğlu

İyulun 26-da istintaq orqanı Azərbaycan Demokratiya və Rifah Pariyasının həbsdə olan sədri Qubad İbadoğlunun Bakı şəhəri, Mətbuat prospektindəki yaşayış evində və Novxanı qəsəbəsindəki bağ evində axtarış aparıb. Yaşayış evində axtarış 1 saat 5 dəqiqə, bağ evində 30 dəqiqə davam edib.

“Qubad bəyin Mətbuat prospektindəki yaşayış evindən uşaqlarına məxsus iki kompüterinin prosessor bloku və Qafqaz Müsəlmanları İdarəsinin rəsmi nəşri olan Mohammed Həmidullahın müəllifi olduğu “İslam peyğəmbəri” kitabı götürülüb. Bağ evindən isə istintaq üçün əhəmiyyət kəsb edən material və əşya tapılmadığı bildirilib”, Qubad İbadoğlunun qardaşı Qalib Bayaramov Amerikanın Səsinə deyib.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs qərimkan tədbiri seçib.

Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində Ankara hökumətinin ittiham etdiyi ABŞ-da yaşayan din xadimi Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandrııb.

Qubad İbadoğlu vaxtı ilə Fulbrayt proqramı çərçivəsində ABŞ-da təhsil alıb. O, ölkədə və beynəlxalq aləmdə iqtisadiyyat sahəsində tanınan alimlərdəndir. İqtisad elmləri doktoru İbadoğlu London İqtisadiyyat Məktəbi, ABŞ-ın Duke və Ratqers Universitetlərinin professoru olub. İqtisadiyyat üzrə ən nüfuzlu beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib.

Uzun illər xaricdə yaşadıqdan sonra bu yaxınlarda Azərbaycana qayıdan İbadoğlu ötən ay mühacirətdə olan bir neçə aparıcı azərbaycanlı siyasətçi və fəalla birlikdə Londonda Azərbaycan Gənclərinin Təhsil Fondunun yaradılmasını elan edib. Qubad İbadoğlu Azərbaycan məmurlarının xarici ölkələrdə olan qanunsuz yolla qazandıqları vəsaitlərin bu fonda köçürülməsini və gənclərin təhsilinə sərf olunmasını bəyan edib.

Amerikanın Səsi

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az