27 partiya yenidən qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə müraciət edib

tərəfindən Gozetci

Siyasi partiyalar haqqında yeni qanunun (siyasi partiyaların yenidən qeydiyyata alınmasını nəzərdə tutur) qüvvəyə minməsilə əlaqədar 27 təşkilat Ədliyyə Nazirliyinə müraciət edib. Eyni zamanda, yeni qanunun qəbulundan sonra 31 partiya özünü ləğv etdiyini elan edib, Azərbaycan Ədliyyə Nazirliyinin məlumatında deyilir.

Məlumatda xatırladılır ki, yeni qanuna görə, partiya üzvlərinin sayı ən azı 5000 olmalıdır və onların reyestr məlumatları Ədliyyə Nazirliyinə təqdim edilməlidir.

Yeni qanunun qüvvəyə minməsindən sonra 31 partiya özünü ləğv etdiyini elan edib.

Daha 27 partiya öz üzvlərinin adlarını, soyadlarını, ata adlarını, doğum tarixlərini, yaşayış yeri üzrə qeydiyyat ünvanlarını, üzv olduqları partiyanın regional təşkilatını və telefon nömrələrini göstərərək reyestrlərini Ədliyyə Nazirliyinə təqdim edib.

Bu məlumatların yoxlanılması zamanı Ədliyyə Nazirliyi bəzi partiyalarda bir sıra nöqsanları, o cümlədən həmin partiyanın üzvü olmayan şəxslərin, ölən şəxslərin adlarının göstərilməsini, eyni şəxslərin adlarının təkrarlanmasını müəyyən edib.

Bununla əlaqədar partiyalara reyestrdə aşkar edilmiş nöqsanlar barədə məlumat verilib və onların qanunla nəzərdə tutulmuş müddətdə (30 gün) aradan qaldırılması təklif edilib.

Ədliyyə Nazirliyi nöqsanların aradan qaldırılmasında partiyalara kömək etməyə hazır olduğunu bildirir.

Yanvarın 11-də qüvvəyə minən partiyalar haqqında yeni qanun bir çox müxalifətyönlü siyasi partiyanın kəskin tənqidinə səbəb olub. Onlar hesab edirlər ki, yeni qanun siyasi fəaliyyətin məhdudlaşdırılmasına və müxalifət partiyalarının ləğvinə yönəlib.

Azərbaycanın yerli müstəqil ekspertləri hesab edirlər ki, yeni qəbul edilmiş qanun demokratik standartlara uyğun deyil və dəyişdirilməlidir. Avropa Şurası Venesiya Komissiyası və ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu da bu sənədə mənfi ekspert rəyi veriblər.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az