Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması barədə məhkəməyə müraciət ediləcək

tərəfindən Gozetci

Bəxtiyar Hacıyev

Bəxtiyar Hacıyevin barəsində girov müqabilində ev dustaqlığı qətimkan tədbiri seçilməsi üçün bu həftə Xətai Rayon Məhkəməsinə müraciət ediləcək.

Bu barədə iyulun 12-də 1 saylı Bakı İstintaq Təcridxanasında Hacıyevlə görüşündən sonra vəkil Cavad Cavadov Amerikanın Səsinə bildirib.

Müdafiə tərəfi, həmçinin Hacıyevə qarşı yeni ittihamların elan edilməsi və yeni ittihama görə həbs qətiimkan tədbirinin müddətinin uzadılması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə əlavə müraciət edəcək.

“Avropa Məhkəməsinə şikayətimiz Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (Azadlıq və toxunulmazlıq hüququ)” və 18-ci maddəsinə (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin müddəti) fokslanacaq. Avropa Məhkəməsinə şikayətimiz də bu günlərdə göndəriləcək”, vəkil qeyd edib.

Onun sözlərinə görə, Bəxtiyar Hacıyevin əhval-ruhiyyəti yaxşıdır, özünü yaxşı hiss edir.

Bəxtiyar Hacıyevlə bağlı Avropa Məhkəməsinə birinci şikayət bu ilin əvvəlində göndərilib.

Xatırladaq ki, Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.

Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin yanvarın 9-da Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib. Hacıyev aclıq aksiyasının 51-ci günündə aclığı dayandırıb.

Bu il iyunun 16-da istintaq orqanı Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 192 (Qanunsuz sahibkarlıq), 193 (Yalançı sahibkarlıq), 320.1 (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 206.1 (Qaçaqmalçılıq) maddələri ilə yeni ittihamlar irəli sürüb.

Vəkillər Amerikanın Səsinə bildirib ki, ittihamlar Bəxtiyar Hacıyevin ictimai və hüquq müdafiəçisi kimi fəaliyyəti ilə bağlıdır.

“Yeni ittihamlar QHT işlərində olan ittihamlardır. Guya Bəxtiyar Hacıyev qrantlar alıb və təyinatı üzrə xərcləməyib. Bəxtiyar Hacıyev ittihamları qəbul etmir. O bildirdi ki, ittihamlar onun ictimai və hüquq müdafiəçisi fəaliyyəti ilə bağlıdır. Bu ittihamlar təqibin əsas mahiyyətini göstərir”, vəkil Elçin Sadıqov qeyd edib.

Məhkəmə Hacıyev barəsində müxtəlif vaxtlarda həbs-qətimkan tədbirinin uzadılması barədə qərarlar qəbul edib.

ABŞ Dövlət Departamenti, ABŞ Helsinki Komissiyası, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad olunmasını tələb edib.

Amerikanın Səsi 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az