Zamin Salayevin işi üzrə prosesdə məhkəmə aşkarlığı prinsipi pozulub

tərəfindən Gozetci

Zamin Salayev

Bu gün Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Zamin Salayevin barəsində hökmdən şikayət üzrə hazırlıq iclası keçirilib.

Mahiyyəti üzrə dinləmələr iyulun 13-nə təyin edilib.

Vəkil Nemət Kərimli Turan-a bildirib ki, iclas qanunun, əsasən də məhkəmə aşkarlığı prinsipinin pozulması ilə keçirilib. Məhkəmə zalına jurnalistlər buraxılmayıb.

Müdafiə tərəfi jurnalistin məlumat almaq hüququnun və məhkəmə aşkarlığı prinsipinin pozulduğunu hakim heyətinin  diqqətinə çatdırılsa da, diqqətdən kənarda qalıb.

Belə olan halda vəkillər məhkəmənin tərkibinə etiraz ediblər. Ancaq etiraz təmin edilməyib.

Beləliklə, vəkilin qeyd etdiyi kimi, ” Salayevin işi üzrə məhkəmənin ədalət prinsipi növbəti dəfə pozulub”.

Digər vəkil Fəxrəddin Mehdiyev də məhkəmə aşkarlığı və ədalətlilik prinsipinin pozulduğunu qeyd edib.

Onun sözlərinə görə, müdafiə tərəfi Salayevin barəsində qətimkan tədbirinin dəyişdirilməsi və onun ev dustaqlığına keçirilməsinə dair vəsatət qaldırıb.

Lakin vəsatət təmin olunmayıb.

Vəkil həmçinin qeyd edib ki, 105 günlük aclıqdan sonra Salayevin səhhətində ciddi problemlər qalır.

* Zamin Salayev fevralın 7-də saxlanılıb, ertəsi gün Bakının Qaradağ Rayon Məhkəməsi onu silahdan istifadə etməklə xuliqanlıq ittihamı (Azərbaycan Cinayət Məcəlləsinin 221.3-cü maddəsi) ilə həbs edib. Saxlanıldığı andan Salayev onu azad etmək tələbilə aclıq elan edib. Mayın 22-də məhkəmə onu 4 il həbs cəzasına məhkum edib. İyunun 1-də, aclığın 115-ci günündə Apellyasiya Məhkəməsinin onun şikayətinə obyektiv baxacağına dair zəmanət verildikdən sonra aksiyanı dayandırıb.

ABŞ-ın Bakıdakı səfirliyi hakimiyyəti Zamin Salayevi və digər siyasi məhbusları azad etməyə çağırıb.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az