Aygün Hümbətova polisdə təhdid edildiyini iddia edir

tərəfindən Gozetci

Aygün Hümbətova

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəalı Aqil Hümbətovanın həyat yoldaşı, üç azyaşlı və xəstə uşaq anası Aygün Hümbətova mayın 23-də səhər saat 10-da Zirə qəsəbəsində yerləşən evində saxlanılıb və Şüvəlan qəsəbə polis bölməsinə aparılıb. Bu barədə Turan-a Hümbətova özü bildirib.

Mayın 23-də günorta saat 12-də Hümbətova həyat yoldaşının 10 il müddətinə azadlıqdan məhrum edilməsinə etiraz əlaməti olaraq təkbaşına aksiya keçirməyi planlaşdırırdı. Ancaq aksiya baş tutmayıb, belə ki, Hümbətova saat 18-ə qədər bütün günü Şüvəlan polis bölməsində keçirib.

“Məni təhdid ediblər, həbs edəcəklərini, mühakimə edəcəklərini, cinayətkarlarla bir kameraya salacaqlarını, orada döyüləcəyimi deyiblər. Polislər DİN-in binası qarşısında etirazlara son qoymağımı tələb ediblər, amma mənim başqa çıxış yolum yoxdur.

Dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mənə ünvanlı sosial yardım düşmədiyini bildirib. Nazirliyin məktubunda deyilir ki, bizim ailəmizin adına motosiklet qeydiyyatdadır, deməli, bizim qazanc vasitəmiz var. Mən motosikleti başqasının adına keçirəcəyəm və yenidən sosial yardım tələb edəcəyəm. Mənim və siyasi məhbus Aqil Hümbətovun üç xəstə azyaşlı uşağının dolanmaq imkanımız yoxdur”, deyə Aygün Hümbətova Turan-a bildirib.

Mayın 22-də o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası qarşısında ona ünvanlı sosial yardım verilməsi tələbi ilə etiraz aksiyası keçirib.

DİN-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elşad Hacıyev Turan-a bildirib ki, Hümbətova həyat yoldaşının qanunsuz həbsindən verdiyi şikayətlə əlaqədar polis bölməsinə dəvət olunub. Onunla söhbət aparılıb, tələbləri dinlənilib, daha sonra o gedib. Hümbətovaya qarşı qanunsuz hərəkətlərə yol verilməyib.

“DİN Hümbətovaya münasibətdə qanunun tələblərinə uyğun hərəkət edib”, deyə E.Hacıyev bildirib.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az