Azərbaycan yenə ‘möhkəmlənmiş avtokratiya’ sayıldı

tərəfindən Gozetci

Freedom House

Mərkəzi Avropadan Orta Asiyaya qədər 29 ölkənin daxil olduğu regionda demokratik idarəetmə ardıcıl 19-cu ildir ki düşür. “Freedom House” insan haqları təşkilatının mayın 24-də açıqladığı “Keçid ölkələri 2023” hesabatında belə deyilir.

Rusiya hesabat tarixində ötən il ən böyük illik düşüşlə üzləşib. Bu, ölkədə Ukraynadakı müharibəyə qarşı çıxanlara divan tutulması ilə əlaqələndirilir.

29 ölkədən 11-də demokratiya göstəriciləri azalıb, yeddi ölkədə irəliləyiş qeydə alınıb. Regionda vətəndaş fəalları və demokratik liderlərin daha yaxşı idarəçilik üçün səylərini davam etdirdiyi də vurğulanır.

Rusiya və Macarıstan ilin ən kəskin enişini yaşayıb. Ukraynada demokratik institutların təzyiqə məruz qaldığı, ancaq Ukrayna hökuməti və xalqının ağlasığmaz zorakılıqlara baxmayaraq, demokratiyaya sadiqliyi bir daha təsdiqlədiyi vurğulanır.

Azərbaycan axırdan üçüncüdür

Tacikistan hesabatda mümkün ən aşağı xalla Türkmənistana qoşulub. Hər iki ölkənin ümumi demokratiya xalı 1-dən 7-yə qədər olan şkala üzrə 1-dir.

Bu xal demokratik idarəçilik, seçki prosesi, vətəndaş cəmiyyəti, müstəqil media, yerli demokratik idarəçilik, ədliyyənin müstəqilliyi və korrupsiya göstəricilərinə əsasən hesablanır.

Azərbaycan reytinqdə yalnız Türkmənistan və Tacikistandan önə çıxa bilib. Onların daxil olduğu səkkiz ölkə möhkəmlənmiş avtoritar rejimlər adlandırılıb.

“Freedom House” öncəki illərdə də Azərbaycanı “möhkəmlənmiş avtokratik rejim” adlandırıb.

Türkmənistan və Azərbaycanın dövlət qurumları demokratik keyfiyyətlərdən demək olar ki, məhrumdur, hesabatda vurğulanır. “Freedom House” Türkmənistanla Azərbaycan arasında daha bir müqayisə aparır, hər iki ölkədə vətəndaşların hakim elitanın qohumbazlığından əziyyət çəkdiyini qeyd edir.

Ermənistan və Gürcüstan, eləcə də Ukrayna və Moldova hibrid rejimlər sayılıb.

Estoniya, Latviya və Litva Baltikyanı ölkələri yenə də ən yaxşı xalları yığıb.

“Pis avtoritar idarəçiliyin ölümcül nəticələrini”

Hesabatda Prezident İlham Əliyev rejiminin “öz ərazi ambisiyalarını hərbi yolla davam etdirdiyi, eyni zamanda ölkə daxilində müxalifəti sıxışdırdığı, Ermənistanda və Qarabağ əhalisinin azadlıqlarını təhdid etdiyi” bildirilir.

Azərbaycan hakimiyyəti bu hesabata, hələlik, münasibət açıqlamayıb. Ancaq indiyədək hakimiyyət təmsilçiləri ölkədə bütün təməl hüquq və azadlıqların qorunduğunu bildiriblər, oxşar tənqidləri rədd ediblər. Prezident Əliyev illər öncə “Freedom House” təşkilatını ermənipərəst mövqedə ittiham edib, bu qurumun hesabatlarının Azərbaycan üçün “heç bir əsası olmadığını” demişdi.

“Avtokratiyalar repressiya və qeyri-sabitliyin təkrarlanan çevrəsindən çıxa bilmir. Möhkəmlənmiş avtoritar rejimlər kimi təsnif edilən səkkiz ölkədən altısının onsuz da zəif demokratiya xalları daha da aşağı düşüb. Bu ölkələrdən heç biri irəliləyiş əldə edilməyib. Rusiyanın Ukraynaya təcavüzü, Azərbaycanın Ermənistana hücumu və Orta Asiyada etirazların zorakılıqla yatırılması pis avtoritar idarəçiliyin ölümcül nəticələrini ortaya qoyub”, – hesabatda vurğulanır.

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb. Azərbaycan müharibədən sonrakı sərhəd toqquşmalarında Ermənistan ərazisinə təcavüz ittihamlarını qəbul etmir, sərhədləri dəqiqləşdirdiyini bildirir.

Ukrayna və Qafqazın müqayisəsi

“Freedom House” bildirir ki, Rusiyanın Ukraynaya qarşı işğalı, bütün dünyanı, möhkəmlənən diktaturanın demokratik niyyətli qonşu dövlətlərə yarada biləcəyi təhlükə sarıdan xəbərdar etdi. Ancaq Qafqazda da oxşar ssenarinin baş verməsinə baxmayaraq, bu çox az diqqət çəkir.

“Moskvanın 2014 və 2022-ci illərdə Ukrayna ərazisini ələ keçirməsi sakinlərin hüquqlarının və fiziki təhlükəsizliyinin böyük miqyasda itirməsilə nəticələndi. Aydındır ki, Bakının Dağlıq Qarabağ və Ermənistanın bəzi hissələri üzərində nəzarətini genişləndirməsi də yerli əhalinin azadlıq və təhlükəsizliyini sarsıdacaq. Demokratik hökumətlər bu təhlükəni gözardı etməməlidir. Onlar Ermənistanda demokratiyanı gücləndirmək üçün mümkün hər addımı atmalı, Azərbaycan hakimiyyəti və ya işğalı altında yaşayan, yaxud bundan qaçan bütün insanların müdafiəsini təmin etməlidirlər”, – hesabatda vurğulanır.

Rəsmi Bakı Qarabağ ermənilərinin Azərbaycan vətəndaşları olduqlarını, onların reinteqrasiyası prosesində qərarlı olduğunu deyir. Ancaq Prezident Əliyev çıxışlarında onu da deyir ki, Qarabağ erməniləri ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da yaşamaq üçün başqa yer axtarmalıdırlar.

“Freedom House” hesabatında qeyd edir ki, Ermənistan hələ də Aİ-yə namizədlik üçün müraciət etməyib. Amma 2022-ci ildə demokratik nailiyyətlər qazanaraq, “Keçid ölkələri” siyahısında birdən çox göstərici üzrə irəliləyiş əldə edən yeganə ölkə olub. QHT və müstəqil media sektorlarında irəliləyiş qeydə alınıb, onların etirazları hökuməti diffamasiyanı cinayət hesab edən mübahisəli 2021-ci il qanunvericiliyini geri götürməyə inandırıb.

Bununla belə, pisləşmə potensialı hələ də qalır, bunu ötən avqustda yerli seçkilər ərəfəsində müxalifət namizədlərinin həbsləri sübut edir, hesabatda bildirilir.

AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az