Bəxtiyar Hacıyev Azərbaycan vətəndaşlığından imtina edib

tərəfindən Gozetci

İctimai fəal Bəxtiyar Hacıyev Azərbaycan vətəndaşlığından çıxmaq üçün prezident administrasiyasına ərizə təqdim edib. O, bu addımı  həyatına təhlükə olması ilə izah edib.

“Mənə məlumat verildi ki, ərizə miqrasiya xidmətinə nəzarət   şöbəsinə veriləcək”, – o Turan-a deyib.  Ona 15 günə, əlavə araşdırmaya ehtiyac olarsa, 30 günə cavab veriləcəyi bildirilib.

Fəal qeyd edib ki, son bir ildə dəfələrlə fiziki təzyiqlərə, təhdidlərə, oğurlanmalara, şəxsi həyatına müdaxilələrə məruz qalıb.Eyni zamanda onun şikayətləri ilə bağlı hüquq-mühafizə orqanları heç bir tədbir görməyib.

“Polis nəinki cinayətkarların qayğısına qalır, həm də özləri məni hədələyirlər. Dünən polis idarəsinin rəisi dedi ki, “nə istəsəm, edəcəm”.

Mən həyatım üçün narahatam və daha Azərbaycan vətəndaşı olaraq qalmaq istəmirəm. İndi qoy dövlət başçısı özü qərar versin ki, təhlükəsizlik qüvvələri vətəndaşlarla bu cür davrana bilər, ya yox.  Azərbaycan Avropa Şurasının üzvüdür, amma özünü Şimali Koreya kimi aparır”, – Hacıyev bildirib.

Vətəndaşlıqdan məhrumetmə ərizəsi təmin olunarsa, nə edəcəyi ilə bağlı suala Hacıyev cavab verib ki, əgər qanunvericilik imkan versə, o zaman vətəndaşlığı olmayan şəxs kimi bir müddət Azərbaycanda qalacaq. Eyni zamanda o, bir sıra başqa ölkələrdən vətəndaşlıq almaq üçün müraciət etmək niyyətindədir.

O, qeyd edib ki, onun dövlət, fiziki və hüquqi şəxslər qarşısında heç bir borcu yoxdur və vətəndaşlığına xitam verməkdən imtina etmək üçün heç bir əsas yoxdur.

Xatırladaq ki, Hacıyev bir gün əvvəl gün ərzində saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığını və orada fiziki təzyiqlərə məruz qaldığını bildirmişdi. O, daxili işlər naziri və iqtidaryönlü fəal Fuad Muradovla bağlı tənqidi yazıları Facebook səhifəsindən silməyə məcbur edilib. Nəhayət, onu hədələyiblər ki, polisi tənqid etməyə davam etsə, cəza daha sərt olacaq.

Daxili İşlər Nazirliyi hələ ki, Hacıyevin açıqlamasına münasibət bildirməyib.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az