Milli Məclisdən uşaqpulu tələb edilib

tərəfindən Gozetci

İyunun 1-də müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bəzi üzvləri və ictimai fəallar uşaqpulu verilməsi tələbi ilə Milli Məclisin yaxınlığında aksiya keçiriblər. Onlar “Taladın sərvətimizi, təhvil ver dövlətimizi”, “Büdcəni talama, pulunu ver balama” şüarları səsləndirərək əllərində plakatlar tutub Milli Məclisin qarşısına keçmək və deputatlara sözlərini çatdırmaq istəyiblər.

“Qanun yoxdursa, o millət vəkilləri orada niyə oturub? Biz gedirik sözümüzü deməyə. Onlar təyin olunmuş deputatlardır, heç olmasa, uşaqpulu haqqında qanun qəbul etsinlər”, – aksiya iştirakçıları vurğulayıblar.

Hadisə yerində olan polis əməkdaşları aksiya iştirakçılarına deputatların ofisləri olduğunu deyərək onların parlamentin qarşısına keçməsinə imkan verməyiblər. Lakin üç nəfərə Milli Məclisə qəbula keçmək üçün şərait yaradılıb. Aksiya zamanı saxlanılan olmayıb.

Qəbuldan gələnlər

Bir qədər sonra Milli Məclisə qəbula gedən aksiya iştirakçıları geri qayıdıb. Demələrinə görə, onları Milli Məclisin şöbələrindən birində qəbul ediblər, gəlişlərinin məqsədi, istəkləri ilə maraqlanıblar. Qəbuldan gələnlərin sözlərinə görə, bu barədə bilgi verdikdən sonra onlardan yazılı müraciət istəyiblər ki, yuxarı orqanlara çatdırsınlar.

“Biz də dedik ki, bu, ölkənin avtoritar qaydada idarə edilməsindən irəli gəlir. Əgər Milli Məclis bununla bağlı bir qanun qəbul edə bilmirsə, mən o mandatdan imtina edərəm”, – aksiya iştirakçılarından biri söyləyib.

Bu açıqlamaya, hələlik, Milli Məclis rəhbərliyindən münasibət almaq mümkün olmayıb.

Azərbaycanda uşaqlara aylıq müavinətin verilməsi 2006-cı il yanvarın 1-dən dayandırılıb. Hökumət bunu ünvanlı sosial yardımların verilməsinə başlanması ilə izah edib.

İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az