AİHM Türkiyə vətəndaşlarına görə Azərbaycanı cərimələdi

tərəfindən Gozetci

Şikayətçilər məcbiri və qanunsuz deportasiya edildiklərini bildiriblər

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş daha 4 şikayət üzrə qərarını elan edib.

Məhkəmə Taci Şəntürk, İsa Özdəmir, Ayhan Səfəroğlu və Ərdoğan Taylanın “Azərbaycana qarşı” şikayətlərini birləşdirərək bir qərar elan edib.

“Şəntürk və başqaları Azərbaycana qarşı” işi Türkiyə vətəndaşlarının Azərbaycandan deportasiya edilməsi ilə bağlıdır.

Ərizəçilərdən bəziləri Azərbaycandakı türk liseylərində müəllim kimi çalışıb. Aralarında iş adamları da var.

2016-cı il iyulun 15-də Türkiyədəki olaylarından sonra onlar Azərbaycanda Türkiyənin istəyi ilə saxlanılıb və məcburi şəkildə ölkələrinə geri göndərilib.

Ancaq ərizəçilər bundan öncə sığınacaq almaq üçün Azərbaycana müraciət edib.

Türkiyəyə verildikdən sonra onlar terror təşkilatına üzv olmaqda təqsirləndirilib, məhkum olunublar.

Türkiyədə 2016-cı il iyulun 15-də bir qrup hərbçi prezident Ərdoğanı hakimiyyətdən salmağa cəhd edib, Ankara və İstanbulda dövlət idarələrini, körpüləri ələ keçirməyə çalışıb.

Ərdoğanın tərəfdarları küçələrə axışandan sonra qarşıdurmada 250-dən çox adam ölüb.

Türkiyə hakimiyyəti çevriliş cəhdinə görə hazırda Birləşmiş Ştatlarda mühacirətdə olan ilahiyyatçı Fətullah Gülən və onun tərəfdarlarını ittiham edib.

Onun ABŞ-dan ekstradisiyasını istəyib. Gülən isə ittihamları rədd edib.

Ardından uğursuz çevriliş cəhdinə görə həbslər başlayıb.

Ən son açıqlanan məlumata görə, 500-dək şəxsə hökm oxunub. Onlarla təqsirləndirilən ömürlük cəzaya məhkum edilib.

Azərbaycandan şikayətçi olan ərizəçilər AİHM qarşısında iddia ediblər ki, Türkiyəyə verilmələri onların Avropa Konvensiyası ilə təminat altına alınan işgəncəyə məruz qalmamaq, azadlıq və toxunulmazlıq, effektiv müdafiə vasitələri və əcnəbilərin çıxarılmasına dair prosedur təminatlar hüquqlarına müdaxilə ilə müşayiət olunub.

Məhkəmə hesab edib ki, ərizəçilərin Azərbaycandan Türkiyəyə verilməsi qeyri-qanuni olub, onlar özbaşına geriverilmə ilə bağlı Avropa Konvensiyası və milli qanunvericilikdə təsbit olunmuş effektiv müdafiə təminatlarından məhrum ediliblər.

Eyni zamanda, yerli qurumlar ərizəçilərin Türkiyəyə qaytarıldıqlarında pis rəftarla üzləşib-üzləşməyəcəyini çək-çevir etməyiblər.

Məhkəmə ərizəçilərin hər birinə münasibətdə işgəncəyə məruz qalmamaq, azadlıq və toxunulmazlıq hüquqlarının pozulması qənaətinə gəlib.

Qərara əsasən, hökumət ərizəçilərin hər birinə 9000 (doqquz min) avro təzminat ödəməlidir.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az