Avropa Məhkəməsi Azərbaycanla bağlı 5 şikayəti araşdıracaq

tərəfindən Gozetci

Ərizəçilər azadlıqlarından məhrum edilmələrini qanunsuz sayırlar

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) növbəti dəfə Azərbaycandan göndərilən qanunsuz həbs, məhkəmə qərarının icra edilməməsi şikayətini araşdıracaq.

AİHM Azərbaycandan aldığı daha 5 şikayəti araşdırmağa başladığını elan edib.

“Ramil Nəsibov və 3 başqa ərizəçi Azərbaycana qarşı” işi – məhkəmə qərarlarının icra edilməməsi barədədir.

Ərizəçilər iddia edib ki, buna görə onlar İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə əsasən, (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) müxtəlif müddətlərə inzibati həbs cəzası alıblar.

Onlar mülki öhdəliklərinə görə azadlıqlarından məhrum edilmələrini qanunsuz sayırlar.

Bildirirlər ki, azadlıqdan məhrum edilmələri ilə onların ədalətli məhkəmə araşdırması (Maddə 6) və borca görə azadlıqdan məhrum etmənin yolverilməzliyi (4 saylı Protokol, Maddə 1) hüquqları pozulub.

“Ülviyyə Kərimova Azərbaycana qarşı” – işi də oxşar məzmunludur.

Ərizəçi məhkəmə qərarının icra edilməməsinə görə milli məhkəmələr tərəfindən Cinayət Məcəlləsinin 306.1-cı maddəsi ilə 2 il islah işləri ilə cəzalandırılıb.

Cinayət cəzasına məhkum olunması ilə bağlı onun əmək haqqının on faizi dövlət nəfinə tutulub.

Ərizəçi milli məhkəmələrin barəsindəki qərarlarının onun ədalətli məhkəmə araşdırması hüququna zidd olduğunu düşünür.

AİHM qeyd edilən şikayətlərin hamısını “Kərimov və başqaları Azərbaycana qarşı” işinin fonunda araşdıracaq.

Həmin işdə də ərizəçilər mülki öhdəlikləri ilə bağlı məhkəmə qərarlarının icra edilməməsi səbəbindən azadlıqdan məhrum edilib.

AİHM Kərimov işində ərizəçilərə münasibətdə ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu tanıyıb. Dövlətin onlara təzminat ödəməsinə qərar verib.

2021-ci ildə Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) 425 şikayət göndərilib.

Bu, 2020-ci illə müqayisədə 100 şikayət azdır. Həmin il Azərbaycan AİHM-nə göndərilən şikayətlərin sayı 525 olub.

AİHM-nin ötən il açıqladığı statistikaya görə, ilsonu Azərbaycandan gedən və baxılmasını gözləyən 2092 ərizə olub. Bu, AİHM-in ümumi iş yükünün 3 faizi deməkdir. Azərbaycanın yerinə gəlincə, bu sayla 7-ci pillədədir.

Həmin ərizələrin sayı 2020-ci ildə 2040, 2019-cu ildə isə 1950 olub.

2021-ci ildə isə ümumilikdə AİHM-nə 44250 ərizə daxil olub. Bu say 2020-ci ildəkindən çoxdur (41700).

İl ərzində dövlətlərlə 10630 ərizə kommunikasiya edilib.

Ümumi 36 092 qərar və ya qərardad qəbul edilib. Onların 32961-i qəbuledilməzliklə bağlı olub. Yerdə qalan işlərdə isə ərizələr yekun qərar verilməsi üçün göndərilib.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az