Müşavir Serbiyadakı səfirlik binasının alınmasındakı yeyintidən danışdı

tərəfindən Gozetci

Şahid: “Eldar Hüseynov müəyyənləşdirirdi ki, kimin heykəli harada qoyulsun”

Həbsdə olan keçmiş Baş prokuror və səfir Eldar Həsənovun məhkəməsi davam edir.

Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə keçirilən məhkəmə prosesində şahidlərin dinriilməsi mərhələsi başlayıb.

Sentyabrın 28-də keçirilən məhkəmə iclasında Serbiyada səfir olduğu vaxt Eldar Həsənovun müşaviri olan Qabil Köçərli şahid qismində dindirilib.

O, Serbiyada səfirlik üçün bina alınması zamanı yeyintiyə yol verilməsilə bağlı ittiham üzrə ifadə verib.

Qabil Köçərli 2010-cu ildə Serbiya səfirinin müşaviri təyin edilib: “Bir neçə ay icarəyə yer götürdük. Sonra dedilər ki, Azərbaycan hökuməti səfirlik üçün bina almaq istəyir. Bundan ötrü komissiya gəlməliydi. Serbiya Xarici İşlər Nazirliyi təklif elədi ki, “Ambassador” adlı alqı-satqı şirkətilə danışaq, uyğun bina tapmaqda bizə kömək edə bilər. Şirkət komissiyaya bir neçə bina təklif elədi. Xarici İşlər nazirinin müavini Vaqif Sadıqovun sədrlik etdiyi komissiya Serbiyaya gəldi. Komissiyaya Fərhad Mollazadə (XİN-in İşlər İdarəsinin keçmiş müdiri, 2020-ci ilin iyulunda DTX-nın əməliyyatı nəticəsində həbs olunub, sonradan ev dustaqlığına buraxılıb), Rüfət Ağazadə (XİN-in əməkdaşı) və Əmlak Komitəsindən bir nəfər daxil idi. Komissiya təklif olunan binalara baxıb, birini seçdi. Biz bina seçimində iştirak etməmişik. Hər şeyi onlar həll eləyəndən sonra sadəcə, alqı-satqıda iştirak etmişik. Səfirlik bir neçə dəfə Maliyyə Nazirliyinə müraciət etdi ki, onlar gəlib alqı-satqıda iştirak eləsinlər, amma gəlmədilər. Axırda Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsindən bir nəfər gəlib, baxıb qərar verdi”.

Şahidin sözlərinə görə, həmin vaxt Eldar Həsənov Rumıniyada olduğuna görə onun verdiyi etibarnamə əsasında özü alqı-satqıda iştirak edib.

Qabil Köçərli vurğulayıb ki, binanın seçimi kimi, onun qiymətinə də səfirliyin müdaxiləsi olmayıb, bu məsələlər komissiyanın səlahiyyətində olub: “Bütün bunlarla bağlı hər şeyə komissiya qərar verib. Biz ancaq notariusa gedib imzalamışıq”.

Prokuror bildirib ki, səfirliyin binasının alınmasıyla bağlı alqı-satqı müqaviləsində əmlakın 1 milyon 350 min avroya alındığı yazılıb. Amma sözügedən bina üçün büdcədən 3 milyondan çox vəsait ayrılıb.

“Bildiyimə görə, əmlak sahibi vergini çox ödəmək istəmirdi, ona görə alqı-satqı müqaviləsində məbləğ aşağı yazıldı. O, pulun qalan hissəsini nağd alıb. Amma mən pulvermə prosesində iştirak eləməmişəm”, – şahid bildirib.

Qabil Köçərli Serbiyanın paytaxtı Belqrad şəhərində Heydər Əliyevin heykəlinin də ucaldıldığı parkın necə salınmasından danışıb: “Eldar müəllim dedi ki, Azərbaycanla Serbiya arasında münasibətlər aşağı səviyyədədi. O, təklif elədi ki, park salınsın. Salındı, prezident Serbiyaya gələndə parkın açılışını elədi. Memar Eldar Hüseynov baxırdı bu məsələlərə. Bu park da Buxarestdəki park kimi olmalıydı, ona görə Eldar Hüseynova tapşırılmışdı. Parkın salınmasında bütün məsələlər şəhər meriyası ilə razılaşdırılırdı. Eldar Hüseynov müəyyənləşdirirdi ki, kimin heykəli harada qoyulsun”.

Belqradda 2011-ci ildə açılışı olan “Taşmaydan” adlı parkda Heydər Əliyevlə yanaşı, serbiyalı yazıçı Milorad Paviçin də heykəli var.

Məhkəmə prosesi oktyabrın 1-də davam edəcək.

Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Bu vəzifədən azad ediləndən az sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib.

12 il bu vəzifədə çalışandan sonra 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub.

Elə bu vəzifədə işləyərkən – 2020-ci ilin avqustunda Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.

Eldar Həsənova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (külli miqdarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.

Keçmiş səfir bu ittihamları qəbul etmir, özünü təqsirli bilmir: “Həbsimin həqiqi səbəbi əslində, guya mənim siyasi iddiada olmağım, guya siyasi müxalifətlə əlaqə və əməkdaşlıqda olmağım, guya hakimiyyət əleyhinə hansısa tənqidi fikirlər səsləndirməyim, hansısa nöqsanları özündə əks etdirən məktublar yazmağım kimi ölkə rəhbərliyinə tamamilə yalan, uydurma dolu məlumatların ötürülməsi olub”.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az