Evini raket dağıtmış Gəncə sakini: Səsimi eşidən yoxdur

by Gozetci

Vətəndaş icra başçısının qəbuluna düşə bilmədiyini deyir

Gəncə şəhər sakini Telman Rəhmanovun şikayəti var. Deyir, ötən ilin oktyabrında Gəncəyə atılan raket evini uçurub. Həmin gündən bu yana 5 nəfərlik ailəsi ilə birgə küçələrdə qalıb.

“Qanunla bizi ya yataqxana, ya da evlə təmin etməli idilər. Müraciət etdik, dedilər: “Yataqxanada yer qalmayıb, doludur”. O zaman kirayə mənzillə təmin edin, dedik. Onda da “bunun üçün Maliyyə Nazirliyi vəsait ayırmalıdır, ayırmayıb”, – cavabını verdilər”.

Telman Rəhmanov deyir ki, özünün kirayə mənzil tutmaq üçün imkanı yoxdur. Odur ki, evlərinin həyətində olan kiçik, 10 kvadratlıq daxmada yaşamalı olublar:

“Yaşlı anam bizimlə yaşayır. O, bizim kimi güclü deyil, xəstədir, problemləri var. Ona görə qohum evinə göndərmişik. Amma qonaq qalmaq da 1- 2 gün olar. Nə vaxtacan orada qalmalıdır? Hələ evin bərpası nə qədər çəkəcək, bilinmir. Qışı daxmada keçirdik, zülmlə. İndi də yay gəlib, inanın istidə 4 nəfərin 10 kvadratlıq yerdə qalması nə qədər çətindir, yəqin anlayarsız. Dərdimizi hara deyək, bilmirik, eşitmirlər”.

Şikayətçi deyir ki, maliyyə ayırması üçün Maliyyə Nazirliyinə də 3 dəfə məktub göndəriblər. Sonuncu məktub Nazirlər Kabinetinə yönləndirilib, oradan da Gəncə Şəhər İcra Hakimiyyətinə:

“Məktubun bir nüsxəsini də mənə göndərmişdilər. Orada bildirilirdi ki, problemin həllini icra hakimiyyətinə tapşırıblar, biz ora müraciət edək. İnanın, oktyabrdan bu yana mən icra başçısının qəbuluna düşə bilməmişəm. Nə zənglərə, nə də müraciətlərimə cavab verirlər. Gedirəm, “qəbul günü deyil”, – deyib, yola salırlar. Bundan o tərəfi varmı? Hara müraciət etməliyik daha?”

Rəhmanovlar ailəsi Gəncənin Cavadxan qəsəbəsində yaşayırlar. Ötən ilin oktyabrında evləri dağılanda Fövqəladə Hallar Nazirliyindən gəlib baxış keçiriblər:

““Qəzalıdır, hər an uçma, dağılma təhlükəsi var”, – dedilər. Bildirdilər ki, evdə bir gün də qalmaq olmaz. Biz də çıxdıq. Bir neçə gün qohumların evinə yerləşdik, müraciət etdik. Amma bizi qalmağa yerlə təmin etmədilər”.

Rəhmanovlar ailəsinin evlərinin bərpasına isə 20 gündür başlanıb. Telman Rəhmanov bildirir ki, işin gedişatından narazı deyil. Ustalar gec saatlara qədər işləyirlər ki, evi tez bitirib versinlər. Ancaq yenə də “2-3 aya bitməz” deyir:

“Hətta evləri dağılan ailələrə birdəfəlik yardımlar verildi, bizə onu da vermədilər ki, barı onunla gedib ev tutaq. Oktyabrdan bu yana zülmdəyik”.

Meydan TV-yə danışan Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşı Gülnar Rzayeva deyir ki, ola bilməz kimsə diqqətdən kənar qalsın:

“Əgər belə bir yanlışlıq olubsa da, tezliklə düzəldiləcək. Zərərçəkmişlərin çoxu yataqxanalarda yerləşdirilib. Düzdür, yer olmaya bilər, amma belə hallarda kirayə haqqı ödənir. Ola bilməz ki, adı siyahıda olsun, qeydiyyata düşsün, amma qalacaq yerlə təmin olunmasın. İndi mən tapşıracağam, vətəndaşla aidiyyatı üzrə məşğul olsunlar, maraqlansınlar”.

Gülnar Rzayeva şikayətçinin ad və soyadını, əlaqə nömrəsini götürüb.

Azərbaycanda Ermənistanın işğalı nəticəsində dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı işçi qrupları yaradılıb. Ötən il noyabrın 12-də Baş nazir bununla bağlı sərəncam imzalayıb.

Söhbət sentyabrın 27-dən başlayaraq mülki əhaliyə, dövlət əmlakına, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında prezidentin sərəncamından gedir.

Bütövlükdə, Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Tərtər, Füzuli, Cəbrayıl, Goranboy rayonları və Naftalan, Gəncə, Mingəçevir şəhərləri üzrə 11 işçi qrupu yaradılıb. Üstəlik, Tərtər rayonu üzrə dəymiş ziyanın miqyasını nəzərə alaraq 3 işçi qrupu formalaşdırılıb.

Ümumilikdə bu müddət ərzində təqribən 3700 obyektə müxtəlif dərəcəli ziyan dəydiyi bildirilir.

MeydanTV

 

You may also like

Leave a Comment

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az