AXCP fəallarının məhkəməsində sübutların tədqiqi başlayıb

tərəfindən Gozetci

Mayın 19-da Bakı Apellyasiya Məhkəməsinin binasında Səbail rayon Məhkəməsinin sədri Ağamalı Qafarovun sədrliyi ilə Azərbaycan Ordusuna dəstək üçün 2020-ci il iyulun 14-də keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə ittiham edilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi şahid ifadələri ilə davam etdirilib. Bu dəfə ittiham edilən şəxslərin vəkillərinin vəsatəti ilə dəvət edilmiş şahidlər məhkəmədə ifadə verib. Növbəti məhkəmə iclası mayın 24-nə təyin edilib.

Məhkəməsi keçirilən qrupa Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları Məmməd İbrahim, Fuad Qəhrəmanlı, Ayaz Məhərrəmli, Bəxtiyar İmanov, Müsəlman Birliyi Hərəkatının 2 üzvü və digər 6 nəfər daxildir.

AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı bildirib ki, şahid ifadələri ittihamın hər hansı reallığa söykənmədiyini göstərib.

“Şahid bildirdi ki, onun tərəfindən hadisə zamanı mənə zəng edilib və aksiyada AXCP-nin iştirak edib-etməməsi soruşulub. Mən aksiyanın təşkilatçılığında ittiham olunuram. Amma şahid dedi ki, mən ona demişəm ki, AXCP-nin hər hansı üzvü bu prosesə qatılmasın. Biz hakimiyyətə keçirliən mitinqin siyasiləşdirilməsi üçün əsas verməyək. Bizim üçün əsas məsələ Qarabağ problemidir. Amma o aksiya xalq tərəfindən təşkil edilib. Biz hakmiyyətə aksiyasnı siyasiləşdirmək üçün əsas vermirik və bu səbədən də AXCP aksiyada iştirak etmir. Bu danışıq operatorlar tərəfindən qeydə alınıb. Bu bir daha sübut edir ki, AXCP o aksiyada iştirak etməyib.”

Fuad Qəhrəmanlın sözlərinə görə, AXCP fəalı Ayaz Məhərrəmlinin təqdim etdiyi şahidlər isə  bildirib ki, o zaman sərt karantin dövrü olduğundan SMS vaxtları başa çatdığı (sərt karantin dövrü olduğundan SMS-icazə iki saat müddətində verilirdi-red) üçün Azadlıq meydanında aksiyanı tərk ediblər və  parlamentin qarşısında olmayıblar.

Bugünki iclasda şahid ifadələrinin dinlənilməsi başa çatıb. Bununla da sübutlatların tədqiqi mərhələsi başlayıb.

Qəhrəmanlının sözlərinə görə, bu mərhələdə iki video təqdim olunub. Ümumilikdə isə Asif Yusifli məhkəməyə 11 video təqdim edib.

“Bu gün Asif Yusiflinin aksiyada iştirakı əks olunmuş videoların sübutlar siyahısına salınması barədə vəsatət qaldırıldı. Videolar əks olunan disklər məhkəməyə təqdim olundu, lakin ittiham tərəfi bu videoların sübutlar siyahısına daxil edilməsinin əleyhinə oldu. Bu zamam sədrlik edən hakim də vəsatəti təmin etmədi,” o qeyd edib.

Onun fikirncə, videoda əks olunur ki, Asif Yusifli ona edilən zənglərə cavabda deyir ki, aksiyada Qarabağ veteranı kimi iştirak edir və aksiyanı sosial şəbəkələrdə canlı yayımlayır.

“Milli Məclisin binasına daxil olan şəxslərin içərisində bir nəfər belə AXCP üzvü yoxdur. Əgər, AXCP təşkilatçıdırsa, öz hərəkətklərini metofizik qüvvələrlə həyata keçirmir ki, öz üzvləri ilə həyata keçirməlidir. AXCP üzvləri yoxdursa, deməli burada təşkilatçılıqdan söhbət gedə bilməz,” o qeyd edib.

Qəhrəmanlı hesab edir ki, onlara qarşı olan cinayət işi siyasi, hüquqi, mənəvi baxımdan “absurdun zirvəsindədir.”

“Bu ittiham tamamailə iflas olunub. Burada təkcə biz ittiham olunmuruq. Burada bütövlükdə hüquq ittiham olunur. Burada Azərbaycanda hüququn qətli həyata keçirilir. Hər hansı elementar belə sübut olmadan ittiham elan olunursa, bu hüququn çarmıxa çəkilməsidir. Bu, isrəli sürülmüş ittihamın siyasi xrarakter daşıması deməkdir,” o qeyd edib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 186 (əmlakı qəsdən məhvetmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə ) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə günahlandırılır.

Bu cinayət işi üzrə 37 nəfər təqsirləndirilən, 22 nəfər zərərçəkən şəxs var. Ötən ilin noyabr-dekabr aylarında həbsdə saxlanılan təqsirləndirilən şəxslərin hamısı polisin nəzarətinə verilməklə sərbəst buraxılıb.

Təqsirləndirilən şəxslərdən 16 nəfəri AXCP-nin, 2 nəfəri Müsəlman Birliyi Hərəkatının, 1 nəfəri Azərbaycan Demokratiya və Rifah Hərəkatının fəalıdır. Təqsirləndirilənlər arasında Naxçıvanın keçmiş daxili işlər naziri Siyavuş Mustafayev də var. Qalanları isə bitərəflərdir.

2020-ci il iyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb.

Yaranmış insidentlə bağlı cinayət işi qaldırılıb, çoxsaylı insan həbs edilib.

Rəsmi qurumlar həbs edilənlərin sayı barədə məlumat verməsə də, hüquq müdafiəçiləri onların sayının yüzdən çox olduğunu güman edir. Onların çoxu inzibati qaydada cəzalandırılıb.

AXCP-nin məlumatına görə, Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə iyulun 14-də keçirilən aksiya zamanı yaranan insident faktı üzrə qaldırılmış cinayət işi üzrə bu partiyanın 45 nəfər fəalı həbs edilib.

“Onlardan 16 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 15 nəfər inzibati qaydada həbs edilib, 14 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb,” məlumatda qeyd edilir.

AXCP və digər bir sıra siyasi qurumlar həbsləri “siyasi sifariş” hesab edir.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az