Niyaməddin Əhmədovun işi üzrə prosesdə məhkəmə müdafiə tərəfin vəsatətlərini təmin etməyib

tərəfindən Gozetci

Niyaməddin Əhmədov

Aprelin 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bugünki məhkəmə prosesinə iki şahid dəvət olunsa da, prosesdə yalnız bir şahid iştirak edib.

Proses başa çatdıqdan sonra Niyaməddin Əhmədovun vəkili Zibeydə Sadıqova Turan-a bildirib ki, müdafiə tərəfi prosesdə bir neçə vəsatət qaldırıb.

“Vəsatətlər sənədlərlə bağlıdır. Məsələn, iş matriallarında sənədlər var, hansı ki, adı çəkilib, amma sənədlərin özü yoxdur. Mən məhkəmədən xahiş etdim ki, prokurorluqdan və müvafiq qurumlardan həmin sənədləri alsın. Məhkəmə bu vəsatəti baxılmamış saxladı. Sənədlərin elan edilməsi məsələsinə baxılacaq. Həmçinin, biz Niyaməddin Əhmədovun telefonla danışmaq hüququnun təmin edilməsi və şərait yaradılması üçün Bakı istintaq təcridxanasına həvalə edilməsi ilə bağlı vəsatət verdik. Məhkəmə bildirdi ki, by, onun səlahiyyətində deyil və vəsatət təmin edilmədi”.

Məhkəmə prosesində Niyaməddin Əhmədovun atası da iştirak edib. O, indiyə qədər oğlu ilə telefonla danışa bilmədiyini deyir.

Növbəti məhkəmə prosesi aprelin 9-na təyin edilib.

* 2020-ci il aprelin 16-da Bakının Xətai rayon məhkəməsi Niyaməddin Əhmədovu karantin rejimini pozma və polisə tabe olmama ittihamı ilə 30 gün müddətinə həbs edib. Aprelin 28-də o, inzibati qaydada həbs olunanların saxlanılma məntəqəsindən naməlum yerə aparılıb, burada amansız işgəncələrə məruz qalıb. Ondan Əli Kərimliyə qarşı ifadə vermək tələb olunub.

İnzibati həbs müddəti başa çatdıqdan sonra mayın 16-da Əhmədova qarşı CM-in 214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb. Hüquq müdafiəçiləri N.Əhmədovu siyasi məhbus kimi tanıyıblar.

Yanvarın 18-də ona qarşı yeni itihamlar irəli sürülüb CM-in 233-1.2.1 (bir qrup şəxs tərəfindən qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) və 28.281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlara hazırlıq, təkrarən və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az