Avropa Şurası Azərbaycanı Avropa İnsan Hüquqları Məhkəməsinin hüquq müdafiəçilərinin işləri üzrə qərarlarını tam icra etməyə çağırıb

tərəfindən Gozetci

Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycan hakimiyyətini Avropa İnsan Hüquqları Məhkəməsinin “Məmmədli Azərbaycana qarşı” işlər qrupu üzrə qərarında tələb olundğu kimi, hüquq müdafiəçilərinin və hökumətin tənqidçilərinin hüquqlarını dərhal bərpa etməyə çağırır. Komitənin bu qrupla bağlı ara qətnaməsi Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasına nəzarət Komitəsinin son iclasından sonra dərc edilib.

Ara qətnamədə hüquq müdafiəçiləri Anar Məmmədli, İntiqam Əliyev, Xədicə İsmayılova, NİDA hərəkatının fəalları Zaur Qurbanlı, Rəşad Həsənov, Rəşadət Axundov, Üzeyir Məmmədli, Bayram Məmmədov, Qiyas İbrahimov və “Respublikaçı Alternativ” Partiyasının siyasi şurasının üzvü Natiq Cəfərli bu qrupa aid edilib.

Cəfərlinin işində cinayət təqibinə hələ istintaq mərhələsində xitam verilsə də, indiyədək əsassız olaraq yazılmış vergi borcu silinməyib.

Nazirlər Komitəsi xatırladır ki, Avropa Məhkəməsi bu qrupdakı hər bir ərizəçi barəsində Avropa İnsan Hüquqları Konvensiyasının 18-ci və 5-ci maddələrinin pozulduğunu müəyyən edib, “cinayət hüququndan sui-istifadə edilməklə hökumətin tənqidçilərinin, vətəndaş cəmiyyəti fəallarının və hüquq müdafiəçilərinin əsassız həbsi və saxlanılması kimi təhlükəli mənzərəni” ortaya çıxarıb.

Komitə israrla və dəfələrlə göstərişləri olmasına, Məhkəmənin gəldiyi nəticələrin ciddiliyinə və zəruri tədbirlərin təcili olmasına baxmayaraq, ərizəçilərə qarşı qanunsuz cinayət ittihamlarının hələ də qüvvədə qalmasına təəssüf edir. Onlar cinayət əməlləri törədilməsi barədə ittihamların mənfi nəticələrindən əziyyət çəkməyə və Avropa İnsan Hüquqları Konvensiyası və qanunun aliliyi prinsipi pozulmaqla cəzalandırılmağa davam edirlər.

Komitə İlqar Məmmədov və Rəsul Cəfərov barəsində ittiham hökmlərinin ləğv edilməsi və qanunsuz həbsləri və azadlıqdan məhrum edilmələri nəticəsində onlara dəyimiş mənəvi ziyana görə təzminat ödənilməsi barədə Azərbaycan Ali Məhkəməsinin 2020-ci ilin aprelində qəbul etdiyi qərarları xatırladır. Bu qərarlara əsasən 2020-ci ilin sentyabrında Nazirlər Komitəsi onların işlərinə nəzarəti dayandırıb.

Komitə qərardadında israrla təkrar edir ki, qrupdakı digər işlərdə tam restitusiya (restitutio in integrum) ərizəçilərə qarşı ittiham hökmlərinin ləğvini, onlardan məhkumluğun götürülməsini, onların mülki və siyasi hüquqlarının tam bərpasını tələb edir.

Komitə Azərbaycan hakimiyyətini 2021-ci il aprelin 30-dan gec olmayaraq bütün ərizəçilər barəsində zəruri fərdi tədbirlərin təxirə salınmadan görülməsini təmin etməyə və Komitəni məlumatlandırmağa çağırır.

Ümumi tədbirlərə gəlincə, Komitə bu pozuntuların əsas səbəblərinin, xüsusən cinayət qanunvericiliyindən sui-istifadələrin aradan qaldırılması üzrə məqsədyönlü və səmərəli tədbirlər görməyə çağırır.

Bundan başqa, məhkəmə hakimiyyətinin və prokurorluğun müstəqilliyinin möhkəmləndirilməsi təklif olunur. Nəhayət, Komitə maraqla məhkəmə iclasları zamanı təqsirləndirilən şəxslərin metal qəfəslərə yerləşdirilməsi təcrübəsindən imtina tədbirləri haqqında hakimiyyətin verdiyi məlumatı qeyd edir.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az